

İlahiyyatçı Elşad Miriyə məxsus olan və 2015–2019-cu illər arasında fəaliyyət göstərmiş "A24.az" xəbər portalının domeni satılıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, domenin yeni sahibi artıq bəllidir.
Həmin domen mediada adı saytları və xüsusi domenləri əlində cəmləşdirməkdə hallanan Elnur Abdullayevin rəhbəri olduğu "Global Media Group" MMC tərəfindən alınıb.
Qeyd edək ki, Elşad Mirinin Vikipediya hesabında hələ də düzəliş olunmayıb və orada "Hazırda Media Təqib Mərkəzinin və a24.az saytının direktorudur" ifadəsi qalıb.
Mətbuatda gedən məlumatlara görə, vaxtilə keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun yaxın kadrı olmuş və mühüm dövlət postları tutmuş Elnur Abdullayevin ilkin idarəçilik fəaliyyəti nazirin oğlu Anar Məmmədovun rəhbərlik etdiyi layihələr və media strukturları ilə sıx bağlı olmuşdur. İddialara görə, onun Məmmədovlar ailəsinin yanında topladığı bu keçmiş idarəçilik təcrübəsi sonradan sistemin dəyişməsi ilə SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayevin və onun yaxın çevrəsindəki SOCAR-ın sabiq rəsmisi, hazırda həbsdə olan Adnan Əhmədzadənin pərdəarxası maliyyə-biznes şəbəkəsi ilə sıx ortaqlıqda davam etmişdir. Məhz bu neft-maliyyə qrupunun böyük dəstəyi sayəsində onun Global Media Group holdinqi çətiri altında Oxu.Az portalının idarəçiliyinə gətirildiyi bildirilsə də, sonradan Elnur Abdullayevin həm Anar Məmmədovla olan qohumluq (xalası oğlu) bağlarının tamamilə kəsildiyi, həm də Adnan Əhmədzadənin həbsindən sonra onunla biznes və sosial media əlaqələrini tamamilə qopardığı vurğulanır.