Bakının Xətai rayonunda yerləşən 48 saylı tam orta məktəbin 5-ci sinif şagirdləri etiraz əlaməti olaraq bu gün dərsə getməyiblər.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, buna direktor Aynurə Bağırovanın qərarı səbəb olub.
Belə ki, direktor 5A sinfinin riyaziyyat müəllimi Araz Quliyevi başqa bir müəllimlə əvəz edib. Şagirdlər isə onların müəlliminin əvəzlənməsinə bu formada etiraz ediblər.
Məlumata görə, valideynlərin direktorla bugünkü söhbəti, əvvəlki müəllimin geri qaytarılması ilə bağlı xahişi nəticəsiz qalıb.
Qeyd edək ki, adıçəkilən direktor 2022-ci ildə şiddətli töhmət alması ilə gündəmə gəlmişdi. Buna səbəb sinif otağında şagirdlərin pomidor-yumurta bişirmələrini özündə əks etdirən videogörüntülərin yayılması idi.