
“Azərbaycan Kinematoqrafçılar İttifaqı kino çəkən qurum deyil. Kinonun təşkilati məsələlərinə də qarışmır. Bu ittifaq Azərbaycan kino xadimlərinin sosial problemlərini həll etmək üçün dövlətin büdcədən yardım kimi ayırdığı pula işləyən ictimai bir təşkilatdır. İttifaq dövlət büdcəsindən maliyyələşir. Xəstə, evsiz, yardıma və qayğıya ehtiyacı olan kino xadimlərinə dəstək üçün yaradılıb. Burada bizə sədr olaraq dövlət, xalq yanında nüfuzu olan, tanınan şəxs lazım idi. O insan da Şəfiqə xanım Məmmədova idi. İkinci alternativ insan yox idi. Şəfiqə xanım həm siyasi baxımdan savadlıdır, həm də iki çağırış Milli Məclisin deputatı olub. Professordur, neçə-neçə tələbələri var. Üstəlik də dövlət tərəfindən sevilən, qəbul olunan şəxsiyyətdir. O cümlədən də dövlət strukturları tərəfindən böyük hörmətə sahibdir. Ona görə də mən də belə bir şəxsiyyətin seçilməsinin təqdimatını etdim. Kənar adamların da ittifaq sədri olduğuna şahidlik etdiniz. Gördünüz də nə qədər qarşıdurma oldu?! Şəfiqə xanımın sədrliyi artıq Ədliyyə Nazirliyi tərəfindən də təsdiq edilib. Görəcəksiniz ki, Şəfiqə xanım sosial problemlərlə bağlı nə işlər həyata keçirir”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, aktyor və rejissor Əbdül Mahmudbəyov deyib.
Sənətkar daha sonra Şəfiqə Məmmədovanı seçdiyinə və təriflədiyinə görə aktrisa tərəfindən ona pul verilməsi məsələsinə də münasibət bildirib:
“Şəfiqə xanım mənə heç bir maddi yardım etməyib, pul verməyib. Müalicəmi də dövlət öz üzərinə götürüb, Şəfiqə xanım yox. Burada şəxsi adamlardan heç birinin adını çəkə bilmərəm. Bunu kim yazıb, deyib bilmirəm. Cəfəngiyyatdan başqa bir şey deyildir. Ənənəvi insanlar var ki, işləri-gücləri yoxdur, ancaq oturub ona-buna rəy yazmaqla məşğuldurlar. Suyu bulandırmaq üçün hər yola ət atırlar”.