Tərtərdə 27 Sentyabr – Anım Günü münasibətilə ehsan süfrəsi təşkil olunub


Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə ehtiram olaraq Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə şəhid ailələri və qazilər üçün ehsan süfrəsi açılıb.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, din xadimləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov tərəfindən şəhidlərin ruhuna dualar oxunub. 

Mərasimdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən və Vətən uğrunda canlarını qurban vermiş tərtərli qəhrəmanlardan söhbət açıb. Rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Ordumuz düşməni məhv edərək tariximizə zəfər səhifəsi yazdı və şəhidlərimizin qisası döyüş meydanında alındı. 2023-cü il sentyabrın 19-da keçirilən uğurlu lokal xarakterli antiterror əməliyyatları ilə ölkəmizin suverenliyi tam bərpa olundu. 

Müstəqim Məmmədov dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğının dövlət siyasətinin ana xəttini təşkil etdiyini vurğulayıb. Qeyd olunub ki, ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq Tərtər rayonunda da bu həssas təbəqədən olan insanların problemlərinin həlli, onlara hərtərəfli diqqət və qayğının göstərilməsi hər zaman ön planda saxlanılır.

Daha sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusibov, şəhid Rəşad Mirzəlinin anası Afidə Mirzəyeva, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov və Vətən müharibəsi qazisi İntiqam Sarıyev çıxış ediblər.

Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Böyük Zəfərin əhəmiyyətindən, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan danışıblar. Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnatdarlıqlarını bildiriblər.


Tarix: Dünən, 18:01
Xəbəri paylaş



Xəbər lenti