
Sentyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan arasında görüş baş tutub. Nazirlər Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Nyu-Yorkda bir araya gəliblər.
Hər iki nazir Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayaraq, 2025-ci il Vaşinqton Sülh Sammiti çərçivəsində nail olunmuş razılaşmalardan sonra əldə olunan irəliləyişi nəzərdən keçiriblər. Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat infrastrukturunun açılmasına xüsusi diqqət yönəlib.
Bu kontekstdə, sülhün faydalarının praktiki nümunələri kimi Azərbaycan və Ermənistan arasında ticarət və tranzit əlaqələri vurğulanıb. Nazirlər müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviq edilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüşün ən diqqət çəkən tərəfi isə heç şübhəsiz nazirlərin birbaşa dialoqu davam etdirmək barədə razılığa gəlməsidir.
Ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında sülh istiqamətində danışıqlar davam edir. Siyasi dialoqla yanaşı, son zamanlar iki ölkə arasında iqtisadi və tranzit sahələrində də müəyyən təmasların yaranması müsbət haldır.
Hazırda bu proses müəyyən məhsulların Azərbaycandan Ermənistana, eləcə də Ermənistandan Azərbaycana satışının həyata keçirilməsi ilə məhdudlaşsa da, tərəflərin bu əlaqələri gələcəkdə genişləndirməkdə maraqlı olduğu görünür. Əslində, iqtisadi münasibətlərin inkişaf etdirilməsi siyasi dialoqun və sülh prosesinin möhkəmlənməsinə xidmət edə biləcək istiqamətlərdəndir. Tərəflər arasında ticarət və tranzit əlaqələri artdıqca qarşılıqlı iqtisadi maraqlar da genişlənir. Bu isə uzunmüddətli perspektivdə münasibətlərin normallaşması üçün əlavə zəmin yarada bilər.
Bu kontekstdə Azərbaycanın Ermənistanın enerji aslılığını öz üzərinə götürməsi çox vacibidir. Həmçinin təminatında müəyyən rol alması da xüsusi əhəmiyyət daşıya bilər. Bu, gələcək əlaqələrin genişlənməsi Ermənistan tərəfinin sülh prosesindən geri çəkilməsinin iqtisadi və siyasi nəticələrini də artıra bilər.
O baxımdan, Ceyhun Bayramov və Ararat Mirzoyanın Nyu-Yorkda keçirilən görüşü təkcə diplomatik təmas deyil. Bu görüş siyasi dialoqun davam etdirilməsi ilə yanaşı, iqtisadi və tranzit əlaqələrin inkişaf etdirilməsi baxımından da əhəmiyyətlidir.
Ən mühüm məqam isə tərəflərin birbaşa dialoqu davam etdirmək barədə razılığa gəlməsidir. Əgər bu təmaslar davamlı xarakter alar, siyasi dialoq iqtisadi və humanitar əlaqələrin genişlənməsi ilə paralel şəkildə inkişaf edərsə, bu, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və davamlı sülhün formalaşması istiqamətində əlavə imkanlar yarada bilər.
Müəllif: Turan Rzayev,
AXS.az