"AzTv... heç bir istintaq hərəkəti aparılmadığı halda..." - ETİRAZ VAR...


"2 həftə öncə iki işıqlı gəncimizin "Şəki Yaylası" adlı əyləncə mərkəzində əyləncə qurğusundan yıxılaraq həyatlarını itirdiyi hamımıza məlumdur.
Mən sonradan bildim ki, bu gənclərdən biri - Ucal Bayramov mənim 30 ildir çox yaxşı münasibətim olan, çox gözəl insan, Borçalıdan olan milli, vətənpərvər ziyalı Asif müəllimin oğlu imiş..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında BŞ-dəki Azərbaycan diasporasının tanınan simalarından olan, ictimai fəal Zaur Bayramlı qeyd edib.
O dah sonra açıqlamasını belə davam etdirir: "Bunu bilən kimi Asif müəllimə zəng etdim, amma təbii olaraq həmin günlərdə telefonla danışacaq əhvalda olmadığı üçün cavab vermədi.
Sonrakı günlərdə isə Asif müəllimlə geniş telefon danışığımız oldu və o, hadisə barədə mənə ətraflı məlumat verdi.
Mən də əksəriyyətiniz kimi AzTv tərəfindən hazırlanan və açıq-aşkar şəkildə əyləncə mərkəzi sahiblərinin tərəfini tutan süjeti izləmişdim.
AzTv, heç bir istintaq hərəkəti aparılmadığı halda, qurğunun trosunun qırılmadığını, gənclərin güclü külək əsməsi nəticəsində yıxılaraq vəfat etdiklərini iddia edirdi.
Lap təsəvvür edək ki, AzTv-nin və işlətmə sahiblərinin bu iddiaları doğrudur. Bəs siz necə şiddətli külək şəraitində insan həyatını təhlükəyə atıb da, qurğuları işlətməyə davam edirsiniz? Qeyri-münasib hava şəraitində əyləncə mərkəzinin həmin hissəsi müvəqqəti olaraq bağlanmalı və müştərilərə bununla bağlı məlumat verilməli deyilmi?
Heç vaxt doymayan göz, təmin olunmayan tamah xətrinə başqalarının övladlarının həyatını təhlükəyə atmağın, o həyatlara son qoymağın məsuliyyətini kim daşımalıdır? Bəlkə deyəsiniz "küləyi əsdirən Allah?"
Digər bir iddia isə ağırlıq gücü 140 kq olan trosa, gənclərdən biri yerə enməmiş digərinin mindirilməsi və beləliklə ümumi ağırlığın 140 kiloqramı keçməsi nəticəsində bu bədbəxt hadisənin baş verdiyidir.
Bu variantda da yenə məsuliyyət məkanı işlədənlərin üzərində deyilmi?
Görəsən orda yıxılıb ölən gənclər məkan sahiblərinin və ya elə AzTv-də süjet hazırlayanların öz övladları olsaydı, yenə də eyni mövqeni qoyacaqlardımı ortaya?
Təəssüf ki, biz cəmiyyət olaraq bu cür hadisələrə ilk günlər "çılğınca" reaksiya verir, daha sonra isə unuduruq. Belə olmamalıdır.
O işıqlı gənclərin qanı yerdə qalmamalı, səbəbkarlar qanun çərçivəsində cəzalarını almalıdırlar.
Biz də bacardığımız qədər məsələni unudulmamağa qoymamalıyıq..."
Tarix: Dünən, 20:33
Xəbəri paylaş



Xəbər lenti