
Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub. Prezident İlham Əliyev tədbirdə iştirak edib.
Ölkə başçısının çıxışı bir çox baxımdan diqqət çəkir. Ümumiyyətlə, Prezidentin çıxışı Azərbaycanın qarşıdakı dövrdə iqtisadi siyasətinin əsas istiqamətlərinə dair kifayət qədər aydın təsəvvür yaratdı. Çıxışda diqqəti çəkən üç məqam — qaz hasilatının artırılması, bərpaolunan enerjinin genişləndirilməsi və ölkənin aşağı xarici borc yükü əsas başlıca tezislər idi.
Misal üçün Qaz hasilatının artırılması Azərbaycanın enerji imkanlarını yenidən genişləndirir. Prezidentin “Abşeron” yatağının ikinci mərhələsinin işlənməsi üzrə müqavilənin imzalanacağını və bunun 3-4 ildən sonra Azərbaycanın qaz hasilatına əlavə 5 milyard kubmetr gətirəcəyini açıqlaması enerji sektorunda qarşıdakı dövr üçün mühüm mesajdır. Məlum olduğu kimi Azərbaycan uzun illərdir enerji ixrac edən ölkə kimi tanınır. Lakin məsələ artıq təkcə mövcud neft və qaz ehtiyatlarının ixracından ibarət deyil. Dünya enerji bazarında dəyişən şərtlər, Avropanın enerji təhlükəsizliyi ilə bağlı yeni reallıqlar və enerji marşrutlarının əhəmiyyətinin artması Azərbaycanın öz resurslarından daha səmərəli istifadə etməsini zəruri edir.
Bu baxımdan “Abşeron”un ikinci mərhələsi xüsusi əhəmiyyət daşıyır. Əlavə qaz hasilatı Azərbaycanın həm daxili tələbatını daha rahat təmin etməsinə, həm də ixrac imkanlarını qorumasına şərait yarada bilər.
Enerji siyasətində yeni xətt
Prezident deyib ki, “Exxon” şirkəti ilə böyük potensiala malik qeyri-ənənəvi neft və qaz yataqlarının işlənməsi üzrə daha bir müqavilə imzalanacaq. Bu isə başqa bir məqamı ortaya qoyur. Azərbaycan mövcud yataqların istismarı ilə kifayətlənmir. Yeni potensialların araşdırılmasına, beynəlxalq enerji şirkətlərinin texnologiya və kapitalının bu prosesə cəlb edilməsində maraqlıdır. Bu, həm də Azərbaycanın enerji sektorunun hələ uzun müddət ölkə iqtisadiyyatının əsas dayaqlarından biri olaraq qalacağını göstərir.
Lakin Prezidentin çıxışında bununla paralel olaraq, bərpaolunan enerji xüsusi prioritet kimi qeyd edilib. Azərbaycanın yanaşması qaz hasilatını artırmaq, eyni zamanda daxili enerji istehsalında qazdan asılılığı azaltmaqdır. Bərpaolunan enerji isə qazın alternativi olmaqla yanaşı, yeni iqtisadi imkan yaradır.
Prezidentin, “Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”, – fikri də diqqət çəkir. Azərbaycanın günəş və külək potensialından istifadə edilməsi ölkənin enerji sisteminin strukturunu dəyişə bilər. Əgər elektrik enerjisinin daha böyük hissəsi günəş və külək hesabına istehsal olunarsa, təbii qazın daxili elektrik istehsalında istifadəsinə ehtiyac azalacaq. Beləliklə, qənaət edilən qaz ixrac üçün yönəldilə bilər.
Məsələnin digər tərəfi isə daha uzunmüddətli xarakter daşıyır. Günəş və külək enerjisinin genişləndirilməsi Azərbaycan üçün gələcəkdə yeni ixrac imkanları yarada bilər. Bu gün enerji ixracı deyəndə əsasən neft və qaz nəzərdə tutulursa, qarşıdakı mərhələdə elektrik enerjisi də Azərbaycanın regional enerji bazarındakı rolunu genişləndirə bilər.
Burada Azərbaycanın coğrafi mövqeyi də əhəmiyyətlidir. Ölkənin Cənubi Qafqazda yerləşməsi və müxtəlif regional enerji və nəqliyyat marşrutlarının kəsişməsində olması bərpaolunan enerji istehsalının yalnız daxili bazar üçün deyil, regional əməkdaşlıq və ixrac üçün də əhəmiyyətini artırır.
Yəni Bakı bərpaolunan enerji məsələsinə yalnız ekoloji yanaşmır. Yeni stansiyalar yeni investisiyalar, yeni infrastruktur, texnologiya və gələcəkdə yeni ixrac imkanları deməkdir. Ən vacibi isə odur ki, Azərbaycan öz ənənəvi enerji resurslarından əldə etdiyi üstünlükləri qoruyaraq enerji sistemini tədricən yeni reallıqlara uyğunlaşdırmağa çalışır.
Azərbaycan üçün yeni imkanlar
Prezident həm də qeyd edib ki, Azərbaycanın xarici borcu çox aşağı səviyyədədir və ölkəmiz istəsə, onu bir gündə sıfırlaya bilər.
Bu fikir ilk növbədə investorlara ünvanlanmış iqtisadi mesaj kimi qiymətləndirilə bilər. Çünki xarici investor üçün ölkənin yalnız hansı resurslara malik olması deyil, onun maliyyə vəziyyəti də mühüm əhəmiyyət daşıyır.
Aşağı xarici borc ölkəyə daha geniş maliyyə manevri imkanı verir. Dövlətin gələcəkdə zəruri hesab etdiyi iri layihələri maliyyələşdirmək üçün imkanları daha geniş olur və ölkə yüksək borc yükünün yaratdığı məhdudiyyətlərlə üz-üzə qalmır.
Burada Prezidentin “bir gündə sıfırlaya bilərik” ifadəsinin əsas məğzi də borcun mütləq sıfırlanması deyil. Əsas mesaj Azərbaycanın belə bir maliyyə imkanına malik olmasıdır.
Başqa sözlə, dövlət maliyyəsi üzərində ciddi borc təzyiqinin olmaması Azərbaycanın iqtisadi siyasətində əlavə manevr imkanları yaradır. Bu isə xüsusilə böyük investisiya layihələrinin həyata keçirildiyi bir mərhələdə əhəmiyyətlidir.
Çünki qarşıdakı dövrdə həm enerji, həm bərpaolunan enerji, həm nəqliyyat, həm logistika, həm də digər sahələrdə böyük həcmli investisiyalara ehtiyac olacaq. Belə bir şəraitdə maliyyə sabitliyi ölkənin əsas üstünlüklərindən birinə çevrilir.
Müəllif: Turan Rzayev ,
AXS.az
Tarix: Dünən, 12:08