Bu qiymətə bilet olar? - Cahangir Əsgərov getdi, AZAL-da nə dəyişdi...

Azərbaycanda fiqur dəyişikliyi heç nəyi həll etmir. Yəni sistemdə islahatlar olmasa, kadrların əvəzlənməsi ilə inkişaf mümkün deyil. Elə götürək Azərbaycan Hava Yolları (AZAL) şirkətini: illərlə Cahangir Əsgərov tənqid olundu, bütün ittihamlar ona yağdırıldı, aviabiletlərin baha olmasının günahı onun yarıtmaz siyasətində görüldü... Bəli, doğru idi, Cahangir Əsgərovun özü də, fəaliyyəti də yaramaz idi. Lakin onun AZAL prezidenti postundan gedişi nəyi dəyişdi? Axı sərnişini AZAL-ın prezidentinin kim olması yox, biletlərin qiyməti maraqlandırır... 

Bu mənada, Samir Rzayevin AZAL prezidenti vəzifəsinə gətirilməsi demək olar ki, heç bir ciddi və müsbət dəyişikliyə səbəb olmadı.

Anaxeber.info.az yazır ki, hazırda AZAL dünyada ən bahalı aviaşirkət olaraq qalmaqdadır. Ondan baha, ondan inhisarçı ikinci aviaşirkət yoxdur. Üstəlik, nəzərə alsaq ki, dövlətin mülkiyyətində olan bir aviaşirkətdir. Yəni dövlətin nəzarəti olan bir strukturun fəaliyyəti özəl aviafirmalardan fərqlənməlidir. Lakin Cahangir Əsgərovun dövründə necə idisə, Samir Rzayevin vaxtında da "köhnə hamam, köhnə tas"dır. Vətəndaşların şikayətlərindən, qiymətlərin yüksək olmasına görə gileylərindən tam aydın olur ki, AZAL yenə bazarda monopoliya və bahalıq yaradıb. 

Hətta qardaş ölkə Türkiyəyə uçuşlar "od qiyməti"nədir. Belə qardaşlıq olar? Hardadı qardaşlıq qiymətləri? İstanbula uçuş üçün nə qədər vəsait xərclənir ki? Ona görə də dəyərli oxucular, siz İstanbula gediş-dönüş üçün bəxtiniz gətirsə 500-600 manat, əksər hallarda isə 800-900 manat biletə pul verməlisiniz. 

Eyni zamanda, digər qardaş ölkə Özbəkistana uçuşlara baxaq: AZAL-ın saytına daxil olun və Daşkəndə bilet almaq istəyin. Məlum olacaq ki, qardaş dövlətə yox, sanki Afrika cəngəlliklərinə bilet alırsan - minimum 300-350 manatdan aşağı gediş yoxdur. Axı niyə? Bəs dostluq, qardaşlıq, müttəfiqlik harada qaldı? Təsəvvür edin ki, Özbəkistana belə uçuşun gediş-dönüş bileti 600-700 manatdır. Ancaq bu harasıdır, siz cəmi 1 saatlıq uçuş müddəti olan Gürcüstana biletlərin qiymətinə nəzər yetirin, adamı vahimə bürüyür. Hazırda Tiflisə gediş-dönüş azı 300-400 manatdır, üzü qış aylarına doğru tarixlərə baxanda isə doğurdan da sərnişinlər havalanır. Çünki söhbət fantastik rəqəmlərdən gedir ki, azı 500-600 manat deməkdir. Təsəvvür edirsinizmi, Tiflisə 1 saata gedib-qayıtmaq üçün vətəndaş biletə bir ayın maaşını verməlidir? 

Həmkarımız Əvəz Zeynallı demişkən, a, siz dəlisiz, nəsiniz?

Həqiqətən də bir avropalıya bu qiymətləri göstərəndə depressiyaya düşər. Axı indi hansı dövrdür ki, vətəndaş üçün qonşu ölkələrə, yaxın dövlətlərə belə gediş-gəliş baha olsun? Amma AZAL rəhbərliyinin tamahkarlığı, soyğunçuluğu imkan vermir ki, stabil, əlçatan qiymətlər müəyyən edilsin. Amma sual verəndə az qala vətəndaşın iki gözünü çıxarırlar ki, sən korsan, endirimləri görmürsən. Axı niyə vətəndaş gecə-gündüz AZAL-ın saytında  pusquda dayanaraq endirimi gözləməlidir? Hamı aylar sonraya bilet alla bilmir, səfər tarixini heç də hamı dəqiqləşdirmək imkanında deyil. Deyək ki, mən 3 gün sonra İstanbula gedirəm, niyə o qiymətə olmalıdır və aylar əvvəl almalıyam? Olmaz ki, vahid və ucuz tariflər seçilsin?! 

Hər halda, AZAL təyyarələri üçün heç olmasa Tiflisə uçuşun xərci çox olmaz. Eləcə də, İstanbul və digər Türkiyə şəhərlərinə. Sadəcə, bunun adı vətəndaşı çarəsiz, alternativsiz vəziyyətdə qoyaraq öz soyğunçu qiymətlərinə məhkum etməkdir. Dünyanın heç yerində isə aviaşirkətlər sərnişinə o gözlə baxmır. Çox uzağa getməyək, Gürcüstandan Avropa ölkələrinə biletlər el dilində desək, şor qiymətinədir. Hələ Avropada bir ölkədən digərinə uçuşların nə qədər ucuz olduğunu demirik. Bunu AZAL prezidenti Samir Rzayev də, komandasının üzvləri də çox gözəl bilir, çünki həmin ölkələrə səyahət ediblər. Onu da yaxşı bilirlər ki, istəsələr qiymətləri ucuzlaşdırmaq olar, amma vətəndaş kimdir ki, onun arzusu ilə hərəkət edəsən?! Demək istəyirlər ki, biz nəyi diktə edirik, vətəndaş ona boyun əyməlidir. Yəni köhnə zehniyyət, orta əsrlər təfəkkürü.
Vətəndaş Danimarkada olur, vətəndaş İsveçrədə olur, Azərbaycanda vətəndaş kimdir? Ona görə də AZAL öz bildiyini edərək, soyğunçuluqla məşğuldur. Az qala 7 ildir ki, quru sərhədlər qapalı saxlanıb, bundan daha da gözəl sui-istifadə edirlər. Əslində, pandemiyadan əvvəl də qiymətlər baha idi, indi isə əllərinə yaxşı fürsət düşüb, "qaz vurub qazan, doldururlar". 

Vəssalam, bu qədər sadə - sağ-salamat uçun!!!

Anaxeber.info.az

Azər Talıbov 

Tarix: Dünən, 13:01
Xəbəri paylaş



Xəbər lenti