Bir Şahmar İbadov hekayəsi: qazilərin, əlillərin, yardımların qənimi - Videolar
Azərbaycan məmurları bir-birinin aqibətindən, “gözü çıxmış qardaş”dan dərs götürə bilmirlər. Bu, psixoloji nüansdır. Onlara elə gəlir ki, nə Akif Çovdarov, nə Nizaməddin Quliyev, nə İsmayıl Vəliyev olacaqlar. Bu hissi özlərinə yaxın buraxmırlar. İnana bilmirlər ki, hansısa günəşli bir gündə, ya da yağışlı bir havada çağırılmayan, dəvətsiz qonaq olan “qara maskalı” oğlan qapını döyməmiş içəri daxil ola, əllərini qandallaya, kabinetindəki bütün çirkin, qaranlıq işlərini ifşa edə bilər. Bu arxayınlıqdır ki, Ağstafadan Neftçalaya, Yevlaxdan Biləsuvara qədər həbslərə, bir neçə rayonda icra nümayəndələrinə cinayət işi açılmasına baxmayaraq, hələ də bir sıra məmurlar növbənin onlara çatacağını gözləmirlər. Anaxeber.info-nun media üzərindən araşdırmalarına, sosial şəbəkələrdə yazılanlara istinadən verdiyi məlumata görə, belə qurumlardan biri olan Nərimanov Rayon İcra Hakimiyyətində də uzun zamandır min cür oyunlar gedir. Bu oyunların bəziləri məhkəmə çəkişmələrində, bəziləri altdan-altdan aparılır. Nərimanov RİH-nin adı gözdən əlillərə çatacaq mənzil korrupsiyasından tutmuş Qarabağ əlillərinin obyektlərinin sökülməsinə qədər, rəhbərliyinin isə adı milyonluq biznesdən ölüm işinədək hallanıb. Hətta son dövrlər pandemiya ilə əlaqədar kimsəsiz, imkansız ailələrə verilən yardımların paylanılmasında mənimsəmələrə yol verildiyi iddiaları səslənir. Sosial şəbəkələrdə bildirilir ki, Nərimanov RİH tərəfindən kasıb ailələrə verilən yardımın məbləği 10 manat dəyərində olub. İH isə bəh-bəhlə öz əməlini gözə soxaraq guya yüzlərlə ailəyə köməklik göstərib. Halbuki, hər ailəyə 10 manatdan yardım etməklə uzaqbaşı 300-500 manat vəsait xərclənib. Nəzərə alsaq ki, yardımları qohumlarına paylayan, mənimsəyən bir neçə rayonun icra nümayəndələri barəsində cinayət işi açılıb, mənimsəmələrə yol verən icra baçıları həbs olunub, o halda Nərimanov İH-lə bağlı sosial şəbəkələrdəki iddiaların da yoxlanılmasına, təftişinə zərurət yaranır. İddia olunur ki, bütün bu işlərin başından isə icra başçısı Abdin Fərzəliyevin I müavini Şahmar İbadov çıxır. Kifayət qədər neqativ reputasiyaya malik, adı internet axtarış sistemində vurulanda yalnız qalmaqallı hadisələr, oğlunun avtoxuliqanlıq edərək insan ölümünə səbəb olması, gözdən əlillərin mənzil fırıldağı ilə üzləşməsi kimi xəbərlərlə çıxan Ş.İbadov özünü rayonun ikinci ağası sayır. Hətta sonuncu məsələ - gözdən əlillərə aid mənzil korrupsiyası ilə bağlı gedən məhkəmə çəkişməsində mühakimə olunan məmurlar açıq şəkildə Ş.İbadovu ittiham ediblər. Məhkəmədə verdiyi ifadəsində Ş.İbadov onun bu qanunsuzluqlara cavabdeh olmadığını, sərəncama qol çəkən İH başçısı A.Fərzəliyevin və hüquq şöbəsinin günahı olduğunu söyləyib. Buyurun, artıq Şahmar İbadov - ən qalmaqallı məmurlardan biri, adı biznesdə, torpaq satışında, otellərə, villalara yiyələnməsində, oğlunun avtoqəzada adam öldürməsini ört-basdır etməkdə hallanmış başçı müavini məhkəmədə ifadə verib. Və verdiyi ifadə ilə karyerasını bitirib. Üstəlik, ittiham olunan tərəf - Nərimanov RİH-nin sabiq şöbə müdiri Niyaməddin Şıxəliyev məhkəmədə ifadəsini təsdiqləyib. O, Ş.İbadovun təzyiqi altında qanunsuz işlərə girişdiyini, gözdən əlillər üçün tikilən mənzilləri sağlam vətəndaşlara satdığını etiraf edib. Niyaməddin Şıxəliyev ifadəsində söyləyib ki, bu işə onu Şahmar İbadov məcbur edib. Gözdən əlillər üçün Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanında inşa olunan 12 mərtəbəli binanın mənzilləri heç bir əlilliyi olmayan 160-a yaxın insana satılıb. Anaxeber.info-nun media üzərindən araşdırmalarına görə, icra başçısı arxasından çəkilərsə, özü gözdən əlillərlə bağlı 12 milyonluq mənzil korrupsiyasına görə məsuliyyətə cəlb edilə bilər, oğlunun törətdiyi qəza ilə əlaqədar isə iş yenidən istintaqa qaytarıla bilər. Cəmiyyət bilir ki, Ş.İbadov oğlu Elmarın bəraət alması üçün Sumqayıt apelyasiya məhkəməsinin hakimi ilə sövdələşib, babat xərci çıxıb. Sumqayıt Apellyasiya Məhkəməsi Abşeron Rayon Məhkəməsinin hökmünü ayaqlar altına alaraq, femidanı zorlayaraq, tapdalayaraq, bir sözlə, hüquq sisteminə tüpürərək hansısa maraqlar qarşılığında Nərimanov rayon icra başçının mavini Şahmar İbadovun avtoqəzada insan ölümünə səbəb olan oğlu Elmar İbadova bəraət verib. Tarixdə misli görünməmiş hüquq pozuntusudur. Göründüyü kimi, İbadov Şahmar barəsində bir müsbət xəbərə rast gəlmək olmur. Bütün bu məlumatlar özümüzün uydurması deyil, mediada dərc edilmiş faktlardır və bu gün də başçı müavininə ittihamlar səngimir. Belə ki, Səlimovlar ailəsi mətbuat konfransı zamanı Şahmar İbadovla bağlı insanı dəhşətə gətirəcək faktları açıqlayıblar. Əlil vətəndaşın sözlərinə görə Şahmar İbadov təsiri altında olan qoçular vasitəsi ilə bu ailəni oğurlatmaqla onlara təzyiqlər etdirib. Ağır xəstə sayılan əlillər ölümlə hədələnib. İbadov onları dəfələrlə təqib etdirib susmasını tələb edib. İbadovun vətəndaşlara qarşı vəzifə səlahiyyətlərini aşmaqla etdiyi bu hərəkətlər hakimiyyətin daxili siyasətinə əksdir. Bundan əlavə, rəsmi qeydiyyatda olan və yaşayan Rzayev Zal Nəbi oğlu bildirir ki, onun həyətində iki ev mövcuddur və əlində dövlət qurumunun rəsmi çıxarışı olmasına baxmayaraq, Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev evlərdən birini görməzdən gəlir: “İcra başçısına bir neçə dəfə məsələ ilə bağlı şikayət etsəm də, heç bir nəticəsi olmayıb. Ərazidə birinci müavin Şahmar İbadovun dəllalları kimi tanınan bəzi şəxslər isə bir neçə dəfə mənə deyiblər ki, məsələnin ən yaxşı çözümü icra hakimiyyəti ilə anlaşmaqdır. Yəni, Nərimanov Rayon İcra Hakimiyyəti ilə onlar istədiyi kimi anlaşa bilməsəm, dövlətdən sökülən evimin pulunu belə almaya bilərəm”. Şikayətçi bildirir ki, hər gün Nərimanov Rayon İcra Hakimiyyətinin işçiləri və Abdin Fərzəliyevin müavini Şahmar İbadovun dəllalları qapımıza gələrək, bizə müxtəlif yollarla hədə-qorxu gəlirlər. Bax belə, hər şey göz qabağındadır, Nərimanov İH rəhbərliyinin fəaliyyəti prezidentin hazırkı fəaliyyətinə tamamilə ziddir.. Siam.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq! Siam.az