
Bakı sakini Əliyev Sahib Altun oğlu Daxili İşlər nazirinə Vilayət Eyvazova müraciət edib. Vətəndaş şikayətində başına gətirilən oyundan söz açıb və nazirdən üzləşdiyi vəziyyətlə bağlı köməklik göstərilməsini xahiş edib. Onun nazirə müraciətində bildirdiyinə görə, faktiki olaraq həm dələduzluqla üzləşib, həm də təhdidlərə məruz qalmaqdadır. V. Eyvazovun köməyinə ümid edən vətəndaş bildirir ki, tezliklə məsələnin nəzarətə götürüləcəyinə inanır.
S. Əliyevin üzləşdiyi problemə gəlincə, o,
Seyidov Eldar Fədai oğlu və Məmmədov Elşad Eldar oğlu adlı şəxslərdən şikayətçidir.
Onun sözlərinə görə, Elşad Məmmədovdan avtomobil alıb: "Oğluma etibarnaməni isə Eldar Seyidov verib. Çünki maşının sahibidir. Biz maşını alanda video çəkilib. Videoda Elşad Məmmədov, yəni Eldar Seyidovun adamı maşına görə pulu aldığını, etibarnamənin pulunu da verdiyini görüntülərdə təsdiq edir. Maşın lizinqlə götürülüb. Video fakt əlimizdədir və görüntülərdə də, təsdiq olunur ki, 13 min manat maşının içində Elşad Məmmədova verilir, 1500 manat isə ertəsi gün lizinqə görə ona verilib. Burada 370 manata radiatora görə əlavə ödənişim olub".
Şikayətçi qeyd edir ki, avtomobilin sahibi Eldar Seyidov pulu onun adamı Elşad Məmmədova ödədikdən sonra 10 ay, 4 günlük etibarnamə verib: "Elə maşın alınandan təxmini bir gün, gün yarım sonra Eldar Seyidov etibarnaməni ləğv edib. Əvvəla, etibarnamə 1 aylıq verilməlidir. Lizinq olduğu üçün hər ay etibarnamə yenilənməlidir. Bəs Eldar Seyidov niyə 10 ay, 4 günlük etibarnamə verib 1 gün sonra ləğv etməlidir?
Bu adam indi iddia edir ki, həmin 13 min ona çatmayıb, Elşad Məmmədovu guya tanımır və maşını geri tələb edir. Elşad Məmmədov isə ortada yoxdur və tapa bilmirik. İndi Eldar Seyidov maşını geri tələb edir, üstəlik, əlavə xərclərlə birlikdə verdiyimiz 15 min manatı qaytarmaq istəmir. Eldar Seyidov necə Elşad Məmmədovu tanımaya bilər ki, video fakt var, ona pul veririk və sonra etibarnamə verir".
Vətəndaş DİN rəhbərinə müraciətdə üzləşdiyi bu problemin araşdırılmasını xahiş edib: "Hazırda Eldar Seyidov və onun həbsxanaların birində nəzarətçi işləyən atası Fədai Seyidov təhdid edir, qazi adından istifadə etməkdədir.
Eldarın atası Fədai Seyidov dayanmadan təhdidlər yağdırır. Halbuki burada aldadılan, dələduzluqla üzləşən tərəf bizik. Kim ona demişdi ki, tanımadığı adamı danışığa göndərsin və tanımadığı adama 10 ay, 4 günlük etibarnamə versin? Etibarnamə tanımadığı adama 1, ya 2 aylıq verilə bilər. İndi də türmədə nəzarətçi işləyən atasını üstümüzə salıb".
S.Əliyev nazirdən xahiş edir ki, işə baxılması üçün müvafiq tapşırıq versin: "Cənab nazir, Sizə inanırıq. Bilirik ki, məsələnin obyektiv şəkildə araşdırılmasına kömək edəcəksiniz. Burada absurd odur ki, Eldar maşını geri tələb edir, amma verdiyimiz pulu qaytarmaq istəmir. Ümumiyyətlə, həm Elşad Məmmədov, həm Eldar Seyidovla bağlı araşdırma aparılmalıdır. Bu adamlar bizim başımıza oyun açıblar. Yaxşı ki əlimizdə video sübutlar var. Ona görə bu video faktları Nazirliyə də təqdim etməyə hazırıq. Bizim istəyimiz odur ki,
Elşad və Eldar adlı şəxslərin elədikləri üzə çıxsın, haqlı tərəf tanınsın. Eldarın atası Fədai də təhdidlərə son qoymalıdır. Bu işdə bizim günahımız yoxdur, əksinə, zərər çəkən tərəfik. Ona görə də cənab nazir, Sizdən kömək gözləyirik".