Vətəndaş Şəhərsalma və Arxitektura Komitəsinin sosial şəbəkə hesabında Anım Günü ilə bağlı paylaşdığı tədbir məlumatına münasibət bildirərək, Gəncə şəhərində yaşadığı evlə bağlı şikayətini səsləndirib.
Bizimesr.info xəbər verir ki, Komitənin idarə rəisi Riad Qasımovun da paylaşdığı məlumatın şərh bölməsində Gəncə şəhər sakini, Muxtar Hacıyev küçəsi, 3-cü döngə, ev 10A ünvanında yaşayan Yusibova Şöhrət Əli qızı Komitənin sədri Anar Quliyevin fəaliyyətindən şikayətlınib.
Vətəndaş müraciətində 2024-cü ildən Anar Quliyevin qəbuluna yazıldığını, lakin indiyədək qəbul edilmədiyini iddia edib.
O, Gəncədə raket düşən ərazidə yaşadığını və ailəsinin də həmin hadisələri canlı yaşadığını bildirib.
Şöhrət Yusibovanın sözlərinə görə, yaşadıqları fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb. O, evin qəzalı olması ilə bağlı rəyə və vəsaitə imza atdırıldığını, sonradan isə kirayə pulunun kəsildiyini iddia edib.
Vətəndaş müraciətində Namiq Hümbətov, Vasif Quliyev, Ramin Abdulayev və Əli Həsənovun adlarını çəkərək, onların ilkin rəyi gizlətdiklərini və beş ildən sonra başqa rəy göndərdiklərini iddia edib.
“Biz köməksiz adamlarıq, 3 uşaqla düzdə qoymusunuz”, – deyə şikayətçi müraciətində qeyd edib.
Şöhrət Yusibova Komitə sədrindən ailəsinin probleminə diqqət yetirilməsini, qəbuluna şərait yaradılmasını və fərdi yaşayış evinin bərpa edilərək özlərinə qaytarılmasına kömək göstərilməsini xahiş edib.
Qeyd edək ki, vətəndaşın səsləndirdiyi məsələ ilə bağlı nə Komitədən, nə Anar Quliyevdən, nə də Riad Qasımovdan münasibə bildirilməyib.
