Tural İrfan: “Qafqaz Müsəlmanları İdarəsi bizneslə məşğuldur”



“Həcc ziyarət deyil, ibadətdir. Ölkəmizdə təəssüf olsun ki, indiyə qədər din xadimləri tərəfindən düzgün anlatılmayıb. Sanki insanın öz xoşluğu, gedib-getməyəcəyi arasında seçim edəcəyi bir ziyarət kimi təqdim olunub. Çünki Həcdən başqa Kərbəla, Məşəd və digər ziyarətləri də əlavə etdiklərinə görə, elə həcc də bir ziyarət kimi təqdim olunub. Əslində isə həcc insanın öz ixtiyarında olub, getdiyi və ya getməməli olduğu bir ziyarət deyil. Bu bir ibadətdir. İslam dinində bir neçə şərt var ki,  mükəlləf olan müsəlmanın boynunda haqdır. Ramazanda oruc tutmaq, gündəlik namaz qılmaq, zəkat kimi imkan daxilində verə biləcəyi vergi və həcdir. Bunlara fərz deyilir, yəni vacib olan hökmdür. Sağlamlığı yerində olan, imkanı çatan adamın, müsəlmanın həmin ibadəti yerinə yetirməsi mütləqdir. Təbii ki, maddi imkanı yerində olan şəxslərdən söhbət gedir. Belə olduğu təqdirdə həmin ibadəti təxirə salmağın özü də günahdır. Çünki bu, ibadətdir”.

 

Bu sözləri Pravda.az-a ilahiyyatçı Tural İrfan 2027-ci il Həcc ziyarəti üçün qiymətlərin artırılma ehtimalına münasibət bildirərkən deyib.

 

İlahiyyatçı deyib ki, bir sıra qonşu ölkələr də daxil olmaqla, başqa ölkələrdə belə gediş qiymətləri Azərbaycandakı kimi yüksək deyil: “Qiymətlərin qaldırılması məsələsində xüsusilə də araşdırmalarım onu göstərir ki, bu süni şəkildə qaldırılır. Təbii ki, müxtəlif vaxtlarda Səudiyyə Ərəbistan hökumətinin aidiyyatı qurumuna aid edirlər ki, bu, onun tərəfindən baş verir. Azərbaycanda da bu işlərə Qafqaz Müsəlmanlar İdarəsi nəzarət edir. İndi onların öz aralarında olan, memorandum imzalayıb vaxtilə razılığa gəliblər. Onun nəticəsində baş verir. Şübhəsiz ki, ola bilsin ki, hansısa haqsızlıq da var, çünki məbləğin kifayət qədər yüksək olması artıq elə ondan xəbər verir ki, bu işə haram qatılıb. Yəni elə bir ibadətin qiyməti həmin məbləğdə ola bilməz. Belə olduğu təqdirdə müsəlman nə etməlidir? İslam dinində bunun çıxış yolları da göstərilib. O ibadətdə ki haram qatılır, israfa yol verməli olursan, bu zaman həmin ibadət hökmünü itirir. O şəxsin boynunda həcc vacib olsa belə bilirsə ki, ondan artıq pul, rüşvət alacaqlar və eyni zamanda ödədiyi xərc bir israf hökmündə olacaqsa, ibadəti təxirə salmalıdır. İsraf “Qurani-Kərim”də haramdır. Məsələn, cümə namazına insanlar iki manat verib gedirlərsə, amma başqa vaxtlarda müəyyən səbəblərdən bu yol üçün 200 manat istəyirlərsə, artıq o cümə namazına getməyə bilər. Çünki onun boynundan o haqq düşür. Çünki israf etmək də haramdır. Bu məntiqlə nəzərə alsaq, həcc ibadətinə də həmin mükəlləf olan müsəlmanların getməmələri mümkündür. Həmin məbləğin qarşılığında da istəyərlər kasıblara yardım edərlər, xəstələrin müalicəsinə diqqət göstərərlər və ya kimsəsiz uşaqların təhsil haqlarını ödəyərlər”.

 

T.İrfan vurğulayıb ki, təəssüflər olsun, bu, Qafqaz Müsəlman İdarəsinə bağlı olan ruhanilər tərəfindən əsla izah edilmir və insanlara təbliğ olunmur: “Bunlar gərək din xadimləri tərəfindən insanlara, cəmiyyətə anlatılsın. Amma nə yazıq ki, həmin idarənin özü bizneslə məşğul olduğuna, ibadəti, ziyarəti ticarətə çevirdiyinə, Allahın dinini alver alətinə çevirdiyinə, din xadimlərinin çoxu da tacir funksiyasını həyata keçirdiyinə görə bu kimi dəyərlər ölkəmizdə əhalimizə anlatılmır. Təhrif olunmuş şəkildə, xurafat formasında, öz maddi maraqlarına sərf edəcək şəkildə anlatılır. Ona görə də insanlar arasında çaşqınlıq var. Borcla, əziyyətlə pul toplayıb ora gedirlər və bunun mahiyyəti də insanlara anlatılmır ki, hansı hallarda bu təxirə salına bilər. O qədər pul, vəsaiti də hamı bilir ki, bu nə ziyarətə, nə ibadətə uyğundur. Həmin məbləğ haram və israf hesab olunur. O qədər pulu sərf edib getmək xüsusilə də ac, kasıb, səfil insanların əhatəndə olduğu halda... Bu heç bir dini məntiqə də uyğun gəlmir. Dünya iqtisadiyyatı, sosial həyatla da müxtəlif dünyəvi meyarlarla da bu uyğun gəlmir ki, 10 mindən artıq olan məbləği verib getsin ki, ibadət edəcəyəm. Bu İslam məntiqinə, Qurana tamamilə ziddir. Təəssüf ki, idarə də həmin ticarəti özü həyata keçirdiyinə görə, yəni əhalini yığıb həcc adı ilə aparıb pul qazandığına görə onların da dəstə rəhbərləri var. O idarə də oradan qazanc götürür. Baxmayaraq ki, dövlət tərəfindən hər il onlara üç milyon vəsait ayrılır və eyni zamanda bu həcc məsələsini də ticarət əyyamı, sezonu kimi görürlər və həmin vaxtda da pul qazanırlar. Məhz bu qazanca görə insanlara bu dəyəri anlatmırlar ki, ibadəti təxirə salanlar da ola bilər, pulu aparıb yetimlər evinə verib daha çox savab qazananlar da olar”.

 

Xatırlatma: 2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu daha tez başlayacaq. Sənədlərin qəbulu 24 sentyabr 2026-cı il tarixindən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.


Tarix: Dünən, 09:57
Xəbəri paylaş



Xəbər lenti