Tərtər Rayon İcra Hakimiyyətinin başçısı 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidi Abbasov Aysənanın ailəsini ziyarət edib

27 Sentyabr – Anım Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Seydimli kəndindən olan Vətən müharibəsi şəhidi Abbasov Aysənan Əsgər oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

Görüş zamanı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vurğulayıb ki, şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən hərtərəfli diqqət və qayğı Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas prioritetidir. Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, bu həssas təbəqədən olan insanların sosial problemlərinin operativ həlli bütün dövlət qurumlarının qarşısında duran ən başlıca vəzifələrdəndir.

İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsi Tərtərdə hər zaman uca tutulur. Şəhidlərimizin əmanəti olan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluq və digər sosial məsələlərinin həlli rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqətdə saxlanılır.

Abbasov Aysənan 29 iyun 1992-ci ildə Tərtər rayonunun Seydimli kəndində dünyaya göz açıb. 2010-cu ildə Şəhid Fəxrəddin Orucov adına Seydimli kənd tam orta məktəbini bitirib. Aysənan uşaqlıqdan hərbçi olmaq, Vətənin müdafiəsində birbaşa iştirak etmək arzusunda olubdur. 2011-ci ildə hərbi xidmətə gedib, 2012-ci ildə təxris olunub. Aysənan torpaqlarımızın işğal altında qalması ilə heç cür barışa bilmirdi. Bu səbəbdən 2012-ci ildə MAHHXQ olaraq hərbi xidmətini davam etdirib. O, istər həqiqi, istərsə də müddətdən artıq hərbi xidməti dövründə dəfələrlə komandanlıq tərəfindən tərifnamələrə və digər təltiflərə layiq görülmüşdür. Aysənan kəşfiyyatçı kimi 2016-cı ilin aprel döyüşlərində də ona verilmiş bütün tapşırıqları ləyaqətlə yerinə yetirib.

Aysənan 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib və sentyabrın 29-da Murovdağ istiqamətində gedən şiddətli döyüşlərin birində erməni terrorçusu ilə səngərdə əlbəyaxa döyüş zamanı mənfur düşmənin arxadan snayperdən atdığı gülləyə tuş gəlib, ən yüksək zirvəyə - Şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən Uğrunda”, “Suqovuşanın azad olunmasına görə ” və “Cəsur döyüşçü” medallarına layiq görülmüşdür.  

Aysənan Abbasov 2015-ci ildə ailə qurmuşdu. Onun 2 övladı - 5 yaşlı qızı Banu və 3 yaşlı oğlu Timur bizlərə əmanət qalıb. 

 Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

 

Tarix: Dünən, 09:59
Xəbəri paylaş



Xəbər lenti