Kəndinə gəl Zahid Oruc...


Gədəbəy rayonunun Əliismayıllı kəndindən Bakıya gələn və 2001-ci ildən bu günə qədər deputat təyin edilən Zahid Oruc deyib ki, Bakıda tıxacı yaradan kəndlilərdir. Zahid Oruc, bütün kəndlilər qayıtsın öz kəndinə. Siz dönün Gədəbəyə kartof əkin, mən dönüm Saatlıya yemiş qarpız əkim.
Amma kəndlərdə su yoxdur ki, heç kartof-soğan, qarpız yemiş əkməyə tarla da yoxdur. Sümürgən, acgöz, mağara təfəkkürlü məmurlar kəndlinin əkin və otlaq sahəsini, suyunu əlindən alıb. Məmurlar dövlət büdcəsindən kənd təsərrüfatının inkişafına ayrılan vəsaitlərlə kəndlilərin əlindən aldıqları torpaqlarda öz fermer təsərrüfatlarını qurublar. Kəndliləri təsərrüfatlarında günü 10-15 manata nəfəsi kəsilənə qədər hambal kimi işlədirlər.
Bu gün Azərbaycan kəndlisi nəinki içməyə hətta ağacın dibinə tökmək, heyvanı suvarmaq üçün suyu pulla alır. 
Bir su çənin doldurmaq üçün ən aşağısı 40-50 manatlıq su alırlar. Bu su isə bir aya çatmır. 
Allahın bu xalqa verdiyi sərvətini, suyu damla-damla verirlər xalqa. 
Bir gün əkin sahəsini suvarmaq istəyən kəndli buna görə yanacağa 300-500 manat pul verməlidir. Hardan versin? 
Bu qədər əzab əziyyətlə becərib ərsəyə gətirdiyi məhsulunu isə şəhərə gətirib satmasına imkan vermirlər. 
Bu gün min bir əziyyətlə əkib becərdiyi soğanın bir kisəsini 3 manata sata bilmir. Amma paytaxtda soğanın kilosu ən aşağısı 90 qəpikdən başlayır. 
Deyirəm ay Zahid Oruc, bəlkə siz kəndlinin suyunu , torpağını əlindən alıb dədəsinin malı kimi istifadə edən məmurları da ifşa edəsiniz?
Bəlkə siz meyvə tərəvəz bazarlarını monopoliyaya götürüb kəndlinin məhsulunu məhv etdirən məmurları da bir danlayasınız?
Həəə, buna cəsarətiniz çatmaz. 
Heç bir kəndli isti ocağını qoyub, gəlib şəhərdə kifli kirayə evlərdə kefindən qalmır. Kənd təsərrüfatının inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitlər kəndliyə çatmır, məmurlar bu vəsaiti öz biznesləri üçün xərcləyirlər. Kəndliyə bu gün Allahın balığını tutmağa, böyürtkənini yığmağa imkan vermirlər.
Zahid Oruc, kənddən şəhərə gələnlər kasıb, hüquqi, haqqı əlindən alınmış xalqdır. Onlar işdən yorğun qayıdanda saatlarla ictimai nəqliyyat gözləyirlər. Şəhərdə tixacın yaranmasına səbəb ictimai nəqliyyatın və yolların uğursuz lahiyələndirilməsi, eyni zamanda bu layihələr üçün ayrılmış vəsaitin yeyilməsidir. 
Marşrut xəttinə buraxılan hər bir avtobus üçün tələb edilən yüksək bəc xəracdır səbəb. 
Ay Zahid, eşşəyə gücü çatmadığı üçün palanı döyəcləmək cəsarət yox, qorxaqlıq, riyakarlıq və yaltaqlığın əlamətidir.
Bunlar isə Azərbaycan kişisinə yaraşmayan sifətidir.
Əlinə tüfəng alıb tankın qabağına çıxan Azərbaycan kişisi palanı deyil, eşşəyi kötəkləməyi də yaxşı bacarır
P.S
Qatığın bu mövzu ilə nə əlaqəsi var sualına gəlincə, 
2019-cu ildə Birinci Qarabağ müharibəsinin veteranlarına 80 manat Prezident təqaüdü təyin ediləndə 50 qəpik olan qatıq indi 2 manat 99 qəpikdir. Qarabağ veteranlarına isə hələ 80 manat Prezident təqaüdü verilir. 
Güman edək ki, kəndli balası Zahid Oruc gələn dəfə bu mövzuya toxunacaq
Arzu Abdullah Gül Zaman 
Tarix: Bu gün, 00:07
Xəbəri paylaş



Xəbər lenti