Mətbuat da 15 gün sərt karantində qalacaq? - Jurnalistlər işləmək istəyir - SORĞU




Nazirlər Kabineti pandemiya ilə mübarizə çərçivəsində növbəti dəfə 15 günlük sərt karantinnin tətbiqini nəzərdə tutub.
Sərt karantin bu dəfə iyunun 21-dən iyulun 5-dək davam edəcək.
Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində tətbiq olunan ilk karantin günlərində ölkədəki KİV-lərin fəaliyyətinə sərbəstlik verilsə də, sonrakı həftəsonları karantin dövründə teleradio istisna olunmaqla xəbər saytları, agentlik və qəzetlərin fəaliyyətinə məhdudiyyət qoyuldu. Bu isə həm media nümayəndələri, həm də ictimaiyyətdə birmənalı qarşılanmadı.
Nəzərə alaq ki, ictimaiyyətin informasiya təminatını əsasən xəbər saytları və agentliklərin üzərinə düşür.
Media nümayəndələri növbəti 15 günlük karantində necə işləməyi lazım bilirlər? Xüsusilə maarifləndirmə tədbirləri baxımından əhəmiyyət kəsb edən medianın işi bu dəfə necə tənzimlənməlidir?
“Antenn FM” radiosunun aparıcısı Əzizə İsmayılova Cebhe.info-ya bildirib ki, istər xəbər saytları, istər radio, istərsə də televiziya işçiləri öz press kartları ilə hərəkətdə sərbəst olmalıdırlar:

“Çünki jurnalist hər an hansısa xəbər arxasınca getməli olur, radio və televiziya işçilərinin qəfildən iş başında olma məcburiyyəti qaçılmazdır. Əgər press kart varsa, o zaman daha əlavə bir icazənin olmaması düşünürəm ki, məsələnin xeyrinə olar. İlk karantin dövründə də bu, belə idi .Hər hansı bir problem və əlavə gərginlik yaranmamışdı”.
Oxu.az-ın əməkdaşı Aqşin Kərimovun fikrincə, kütləvi informasiya vasitələrinin fəaliyyətinə bütün hallarda icazə verilməlidir:

“Amma bu, jurnalistlərin sui-istifadə hallarına gətirib çıxarmamalıdır. Yaxşı olardı ki, icazədə məhdudiyyətli qrafik tətbiq edilsin. Bu, həm də media orqanlarının rəhbərləri qarşısında duran çağırışdır. Məsələn, işə gedib-gəlmək zəruridirsə, əməkdaşlar iki qrupa bölünsün. Ümumi iş günü işçilər arasında yarı-yarı bölünsün. 9 saatlıq iş rejimidirsə, 4.5 saat bir qrup, digər 4.5 saat isə digər qrup işə gəlsin. Bu, iş mühitində sıxlığı da aradan qaldırar. Çünki çox insanın bir yerdə olması, riskdir”.
“APA Holdinq”in əməkdaşı Günay Elşadqızının sözlərinə görə, media elə bir sahədir ki, hər çətinlikdə, problemdə yenə də xəbərini çatdırmalıdır:
“Doğrudur, agentlik və sayt əməkdaşları evdən də çalışa bilir. Fikrimcə, iş mühitində çalışmaq daha effektli olur. Ona görə də ilk karantindəki kimi KİV-in fəaliyyətinə icazə verilməlidir. Burada gündəlik olaraq az sayda işçinin fəaliyyəti ola bilər, qrup şəklində və ya tam heyətlə çalışmaq mümkündür. Amma KİV-in fəaliyyətinə icazə verilməlidir. Onsuz da TV və radio da çox zaman agentlik xəbərlərindən faydalanır”.
“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Cavid Şahverdiyev də hesab edir ki, mətbuat Nazirlər Kabineti yanında Operativ Qərargahın icazə verilən sahə siyahısında olmalıdır:
“Ələbəttə, icazə verilməlidir. Karantin rejimində TV əməkdaşlarına fəaliyyətlərini davam etdirilməsinə icazə verilirsə, bu, internet resurlarına və çap mediasına da şamil olunmalıdır. İctimaiyyət operativ məlumatları ən tez internet resurslarından əldə edir. Fikrimcə, bu kateqoriyadan olan əməkdaşların da fəaliyyətinə maneəsiz izn verilməlidir. Hansı əsasla və məntiqlə Operativ Qərargah yalnız karantin rejimində TV əməkdaşlarına işə çıxmalarını məqbul sayır və digər media əməkdaşlarına qadağa qoyur? Bu məsələdə Operativ Qərargah düzgün seçim etməyib. Bizim əsas məqsədimiz belə bir şəraitdə ictimaiyyəti maarifləndirməkdirsə, bunun üçün geniş imkanlar və şərait yaradılmalıdır”.
Dominant.az saytının baş redaktoru Rumiyyə Miraslan deyib ki, əslində mətbuatın bu məsələylə üz-üzə qalmağı absurddur:

“Çünki biz hüquqi dövlətdə yaşayırıq və mövcud qanunlarımıza görə, jurnalistin fəaliyyətinə heç bir halda məhdudiyyət qoyulmamalıdır. Elə götürək, ”Kütləvi İnformasiya Vasitələri Haqqında” Qanunu... Qanunun I maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Həmçinin qeyd olunur ki, kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onlardan istifadə, onların idarə olunması, kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunvericiliyində nəzərdə tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz. Düzdür, “KİV haqqında” Qanunun VII maddəsində bildirilir ki, fövqəladə və hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə kütləvi informasiya vasitələrinin azadlığı müvəqqəti məhdudlaşdırıla bilər. Ancaq unutmamalıyıq ki, karantin rejimi nə hərbi vəziyyətdir, nə də fövqəladə vəziyyət... Düşünürəm ki, mart, aprel aylarında tətbiq olunan karantin rejimi zamanı jurnalistlərin fəaliyyətinə necə icazə verilmişdisə, bu dəfə də elə olmalıdır. Əks halda Operativ Qərargah açıq şəkildə hüquqa hörmətsizlik etmiş olacaq. Düşünmürəm ki, Operativ Qərargah bu addımı atacaq. İnanıram ki, jurnalistlərin fəaliyyəti heç bir halda məhdudlaşdırılmayacaq”.
Jurnalist əlavə edib ki, ilk dəfə karantin rejimi tətbiq olunanda bir sıra həmkarlar – həm əmək müqaviləsi olmayan, həm də frilans (müstəqil) fəaliyyət göstrən jurnalistlər böyük problemlə üzləşdilər:
“Bir media nümayəndəsi olaraq bu məsələni aidiyyatı qurumların, yəni Nazirlər Kabinetinin, Mətbuat Şurasının nəzərinə çatdırmaqla işıqlandırdım. Sonunda həmin qurumlar fikir mübadiləsi apararaq ortaq qərara gəldilər, nəticədə həmkarlarımızın problemlərini həll edə bildik. Xidməti vəsiqəsi olsa da, əmək müqaviləsi olmadan fəaliyyət göstərən bir qrup jurnalist Operativ Qərargahda qeydiyyata alındı. Ümid edirəm ki, indi də məhz bu sistem işə salınacaq, jurnalistlər arasında fərq qoyulmadan, fəaliyyətlərinə icazə veriləcək. Çünki burada söhbət iki günlük həftəsonu qadağasından yox, yarım aylıq müddətdən gedir”.
Tarix: 19-06-2020, 22:10
Xəbəri paylaş



Xəbər lenti