Çünki medianın içində bəzi adların ətrafında elə bir aura yaradılıb ki, ...

Çünki medianın içində bəzi adların ətrafında elə bir aura yaradılıb ki, ...
Yaxın oturun. Diqqətlə oxuyun. Xüsusilə həmkarlarıma səslənir. Bəlkə də beş-on il əvvəl bu yazını yaza bilməzdim.
Daha doğrusu, yazardım, amma bu qədər rahat yox.
Çünki medianın içində bəzi adların ətrafında elə bir aura yaradılıb ki, illərlə həmin adamlara yalnız “ustad”, “məktəb”, “böyük jurnalist” kimi baxmaq lazım olduğu təlqin edilib.
Sual vermək isə az qala nankorluq sayılıb.
Mən indi o sualı verirəm.
Media nə vaxt məktəb olmaqdan çıxıb şəxsi mülkə çevrildi?
Azərbaycan mediasında bir neçə “kapitan” var. Kənardan baxanda hamısı peşəkarlıq, təcrübə, nüfuz, hətta bəzən müdriklik simvolu kimi görünür. Amma medianın içindən baxanda mənzərə tamam başqadır.
İllərdir eyni simaların ətrafında fırlanan, eyni münasibətlər şəbəkəsinin içində nəfəs alan bir media mühiti yaranıb. Peşəkar jurnalistlərin bir hissəsi bu mühitdən yorulub çıxıb. Bir hissəsi susub. Bir hissəsi isə zamanla öz sözünü demək qabiliyyətini itirib, “Fatı dur, Fatı otur” prinsipinə uyğunlaşmağa məcbur olub.
Bu insanlar artıq özlərini jurnalist kimi yox, jurnalistikanın hakimi kimi görməyə başlayır.
Kim harada işləyəcək.
Kimin adı çəkiləcək.
Kimə qapı açılacaq.
Kimə qapı bağlanacaq.
Kim “bizimkilərdən” sayılacaq.
Kim isə kənarda qalacaq.
Belə bir sistem yaranandan jurnalistikanın mahiyyəti dəyişib
Çünki media məktəbdirsə, orada müxtəlif səslər olmalıdır.
Müəllimindən fərqli düşünən şagird müəllimin düşməni deyil.
Əksinə, yaxşı məktəbin gücü məhz ondadır ki, oradan çıxan adam bir gün müəllimindən daha fərqli, daha cəsarətli, hətta daha yaxşı yaza bilir.
Amma media feodal mülkə çevriləndə başqa mənzərə yaranır.
Orada səndən əvvəl gələnlər “ağsaqqal”, onların yaxınları “bizimkilər”, fərqli düşünənlər isə “problemli” olur.
Sən istedadlı ola bilərsən.
Əməksevər ola bilərsən.
Yaxşı yaza bilərsən.
Amma əgər lazımi çevrənin adamı deyilsənsə, bütün bunlar bir anda əhəmiyyətini itirə bilər.
Jurnalistin taleyinin bir neçə şəxsin şəxsi münasibətlərindən asılı olması jurnalistikanın özü üçün böyük təhlükədir.
Çünki belə mühitdə peşəkarlıqdan çox loyallıq qiymətləndirilir.
Sual verəndən çox başını yelləyən rahatlıq tapır.
Fərqli düşünəndən çox uyğunlaşan irəli gedir.
Və bir müddət sonra sistemin ən böyük itkisi istedadlı adamların getməsi olur.
Bəzi adamların media haqqında danışarkən özlərini bir az həddindən artıq “məktəb” hesab etmələri məni həmişə təəccübləndirib.
“Filankəs məktəbdir.”
“Hamımız onun yolunu davam etdiririk.”
“Bu nəslin hamısı onun yetirməsidir.”
İcazənizlə, burada bir etirazım var.
Öz yerinizə danışın. Hamının adından yox.
Şəxsən mən heç kimi mənim üçün “məktəb” elan etməmişəm. Heç kimi özümə ustad seçməmişəm. Mənim jurnalistikada yolum həmişə bir qədər başqa olub. Başqa cür baxmışam, başqa cür yazmışam, başqa şeylərin arxasınca getmişəm.
Ona görə də kiminsə illər ərzində media sistemində böyük nüfuz qazanması avtomatik olaraq onun mənim üçün ustad, məktəb və ya örnək olması demək deyil.Mənim yolum başqa olub.
Bəzən həmin yol məni çoxluğun getdiyi tərəfə aparmayıb. Bəzən rahat olmayıb. Bəzən susmaq daha sərfəli olub, amma mən susmamışam. Bəzən hansısa qapının arxasında dayanmaq mümkün olub, amma o qapıdan içəri girməyi özümə lazım bilməmişəm.
Ona görə bu gün kimsə çıxıb “hamımız filankəsin yolunu davam etdiririk” deyəndə mənim adımdan danışmasın.
Mən heç kimin yolunun davamı deyiləm. Mənim yolumun başlanğıcı da, məsuliyyəti də mənə aiddir.
Və bəlkə də jurnalistikada ən vacib müstəqillik heç kimin yetirməsi olmadan da öz sözünü deyə bilməkdir.
Gunel Musa
Tarix: Bu gün, 09:17
Xəbəri paylaş



Xəbər lenti