
Sumqayıt son illər böyük abadlıq və quruculuq işləri ilə simasını dəyişən şəhərlərdən biridir. Yeni parklar salınıb, müxtəlif infrastruktur layihələri həyata keçirilib, şəhərin ümumi görünüşündə dəyişikliklər baş verib.
Lakin şəhərin müxtəlif ünvanlarından tikinti və şəhərsalma ilə bağlı şikayətlərin olması başqa bir mənzərəni də gündəmə gətirir. Sərvər Bədəlbəyli küçəsi, 289A ünvanında çəkildiyi bildirilən görüntülər də bu baxımdan diqqət çəkməyə bilməz.
Bizimesr.media bildirir ki, Sumqayıt Bakıdan sonra Azərbaycanın ən böyük şəhərlərindən biridir. Sovet dövründən sənaye şəhəri kimi formalaşan şəhərə 2015-ci ildən Zakir Fərəcov rəhbərlik edir. Fərəcovdan əvvəl isə Sumqayıtın icra başçısı hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olan Eldar Əzizov olub.
Abadlıq var, bəs şəhərsalma necə qorunur?
Xüsusilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildiyi bir vaxtda bu sual daha aktualdır. Şəhərin parklarının, küçələrinin və binalarının yenilənməsi ilə yanaşı, mövcud yaşayış məkanlarının qorunması, tikintilərin şəhərsalma sənədlərinə uyğun aparılması şəhər idarəçiliyinin, əsasən Zakir Fərəcovuin əsas işi olmalıdır. Belədirmi?
Sərvər Bədəlbəyli 289A-da nə baş verir?
Sözügedən ünvandan çəkilən görüntülərdə yaşayış binasının birinci mərtəbəsinin qarşısında tikinti işlərinin aparıldığı görünür. Ərazidə işçilər çalışır, beton konstruksiyalar hazırlanır və binanın qarşısında müəyyən tikinti işləri həyata keçirilir.
Təbii ki, görüntülər tikintinin hüquqi statusunu müəyyənləşdirmir, amma suallar yaradan amillər də olmamış deyil - Bu tikinti hansı sənədlər əsasında aparılır?
Qanun nə deyir, Zakir Fərəcov?
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, müəyyən istisnalar nəzərə alınmaqla, tikinti obyektlərinin inşasına icazə tələb olunur. İcazə tələb olunan tikinti isə şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun həyata keçirilməlidir.
Məcəllənin 69-cu maddəsində binaların xarici divarlarının önündə ara məsafəsi sahələrinin nəzərdə tutulması və həmin sahələrdə yerüstü tikinti obyektlərinin inşasına yol verilməməsi ilə bağlı müddəalar da yer alır.
Deməli, məsələ yalnız “binanın qarşısında tikinti aparmaq olar, ya olmaz” sualından ibarət deyil. Ərazinin hüquqi statusu, təsdiqlənmiş şəhərsalma sənədləri, layihə, tikintinin növü və icazə sənədləri nəzərə alınmalıdır.
Bu baxımdan Sərvər Bədəlbəyli 289A ünvanında konkret suallar yaranır və aidiyyatı üzrə araşdırılması və cavablandırılması vacibdir.
“Şəhərsalma və Memarlıq İli”ndə bu tikintiyə kim nəzarət edir?
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edildiyi bir vaxtda şəhərlərin planlaşdırılması və tikinti qaydalarına əməl olunması məsələsi xüsusi əhəmiyyət daşıyır. Sumqayıt kimi inkişaf etmək istəyən və əhalisi çox olan şəhərdə yaşayış binalarının ətrafında aparılan tikinti işlərinin şəhərsalma sənədlərinə və təhlükəsizlik tələblərinə uyğunluğu sakinlər və aidiyyatı qurumlar üçün də vacib məsələ olmalıdır.
Sərvər Bədəlbəyli 289A ünvanında isə hazırda açıq mənbələrdə tikintinin hüquqi əsasını tam şəkildə izah edən rəsmi açıqlama və ya sənəd görünmür.
Bu səbəbdən məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyinin açıqlanması vacibdir.
Sərvər Bədəlbəyli 289A ünvanında nə tikilir?
Tikinti hansı sənədlər əsasında aparılır?
Bu tikintiyə hansı qurum tərəfindən icazə verilib?
Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aidiyyəti strukturları və digər əlaqədar qurumlar bu suallara aydınlıq gətirməsini gözləyirik.
Nigar Hüseyn
Bizimesr.media