
Jurnalist Gülnar Nazimqızı dərman satışı ilə bağlı üzləşdiyi problemə dair paylaşım edib.
O, “Elitaptek”də qutusu 150 manata satılan dərmanın 27 ədədini əvvəlcə 54 manata, daha sonra isə 50 manat 40 qəpiyə hesabladıqlarını bildirib.
Gülnar Nazimqızının sözlərinə görə, ƏDV çeki tələbi də rədd olunub: “İzahları da bu oldu ki, guya endirim edilib. Endirim çek verməmək üçün əsasdır?”
Jurnalist sözügedən dərmanı ölkədə yalnız həmin aptekdə tapa bildiyini, buna görə seçim imkanının olmadığını vurğulayıb. O, dərmanın qablaşdırılmasının pozulduğunu, qutuların açıq formada saxlanıldığını da bildirib.
“Başqa ölkələrdə təxminən 15–20 manata satılan dərmana burada 150 manat ödəyirəm. Dəniz bir ildən çoxdur bu dərmanı qəbul edir. Ona görə də “almıram” deyib çıxmaq imkanım yoxdur”, – deyə jurnalist qeyd edib.
Gülnar Nazimqızı dərmana ehtiyacı olan şəxslərin vəziyyətindən istifadə olunmasına kimin nəzarət etdiyini də sual edib.
O, məsələnin yalnız çek verilməməsindən ibarət olmadığını vurğulayıb:
“Mənə sadəcə çek vermədilər deyə şikayət etmirəm. Həyati ehtiyac duyulan bir dərman niyə ölkədə tək bir aptekdən asılıdır, qiyməti necə müəyyən olunur və alıcı niyə açılmış qutudan dərman götürməyə məcbur qalır?”/Yeni Sabah
