AÇIQ HAVADA TOY VƏ YAS MƏRASİMLƏRİNƏ İCAZƏ VERİLƏCƏK? - Yeni açıqlama



"Əksər şadlıq saraylarının restoran kimi fəaliyyəti var. Həmin ictimai iaşə obyektlərinin toylar formasında yox, vətəndaşlara restoran vasitəsi ilə xidməti var". Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov deyib.
Onun sözlərinə görə, Agentlik əməkdaşları pandemiya dövründə şadlıq sarayları ilə əlaqədə olub: “Yəni restoranı, kafesi olan şadlıq sarayları nəzarət olunan məsələlərlə yaxından tanışdılar. Bu, imkan verəcək ki, toylara icazə verildiyi halda şadlıq saraylarında həmin tələblər daha rahat yerinə yetirilsin. Çünki bununla bağlı metodiki təlimatlarımız da var, dövrü olaraq şadlıq sarayları ilə görüşlərimiz olur. Toylara icazə verildiyi halda bütün şadlıq sarayları ilə əvvəlcədən həmin metodiki göstəricilər və qərarlar üzrə maarifləndirmə tədbirləri həyata keçirəcəyik. Çünki toylara icazə verilsə, bu ,ən yüksək yoluxma riski olan sahələrdən biri olacaq. Bu mənada bununla bağlı tənzimləyici normalar müəyyənləşdiriləcək, eyni zamanda müvafiq nəzarət tədbirləri həyata keçiriləcək”.
Elxan Mikayılov bildirib.həm açıq, həm də qapalı məkanlarda say məhdudiyyəti var: "Ümumiyyətlə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, kütləvi tədbirlərin təşkili, bir ərazidə 10 nəfərdən artıq adamın toplaşması qadağandır”.
Onun sözlərinə görə, bu o deməkdir ki, eyni tələb ictimai iaşə obyektlərinin açıq hava məkanlarına da tətbiq olunur: “Nəyə görə açıq havada tələblərə əməl edilməklə yas və toyların keçirilməsinə icazə verilməməsi səbəbinə gəldikdə isə, bu mərasimlər qohumlar, tanışlar, yaxınlar arasında baş verir. Yaxın ünsiyyəti olan insanlar sadəcə gəlib birbaşa masa arxasında əyləşib qida qəbul etməklə məşğul olmur. Həmin şəxslər tez-tez bir-birləri ilə görüşürlər. Adətən bizdə toy və yas mərasimləri uzun müddət bir-birini görməyən insanların görüş məkanına çevrilir. Bu, o deməkdir ki, onlarla, yüzlərlə insan bu mərasimlərdə bir-biri ilə sadəcə masa arxasında deyil, ayaq üstə durarkən də yaxın təmas qurur. Bu da yoluxma üçün çox yüksək risk sayılır və doğrudan da təhlükəli hal ola bilər. Amma eyni masa ətrafında bir-birinə yad olan insanlar əyləşdikdə bu risk baş vermir. Təbii ki, epidemik risk, yoluxma sayı azaldıqca bu məsələlərə baxılacaq. Hazırda qüvvədə olan qərarın əsas arqumenti budur ki, kütləvi şəkildə toplaşmaq kütləvi şəkildə ünsiyyət deməkdir. Bu isə kütləvi şəkildə yoluxma riski yaradır”.
Tarix: 25-09-2020, 22:10
Xəbəri paylaş



Xəbər lenti