Supermarketlərdə endirim oyunu: Alıcıların 81 faizi kassada fərqli qiymətlə üzləşir

Supermarketlərdə endirim oyunu: Alıcıların 81 faizi kassada fərqli qiymətlə üzləşir
Supermarketlərdə endirimli məhsulların qiyməti ilə kassada hesablanan məbləğ arasında fərq yaranması alıcıların narazılığına səbəb olur. Araşdırmaya görə, istehlakçıların böyük hissəsi belə hallarla ən azı bir dəfə qarşılaşıb.

Polşada "UCE Research" şirkətinin "Shopfully Poland" üçün keçirdiyi araşdırmada iştirak edənlərin 81 faizindən çoxu son 12 ay ərzində mağazadakı aksiya qiyməti ilə fiskal çekdə göstərilən məbləğin uyğun gəlmədiyini bildirib. Bu, alıcıların kampaniya şərtlərini yerinə yetirdiyi hallarda da müşahidə olunub.

Sorğuda iştirak edənlərin təxminən dörddə biri bu problemlə tez-tez, yarısı isə vaxtaşırı və ya nadir hallarda qarşılaşdığını qeyd edib.

Araşdırmaya əsasən, endirimlər supermarketlərin satışları artırmaq üçün istifadə etdiyi əsas vasitələrdən biridir. İstehlakçıların təxminən 75 faizi kampaniyaların təsiri ilə əvvəlcədən almağı planlaşdırmadığı məhsulları da səbətinə əlavə edir.

Mütəxəssislər bildirirlər ki, endirim kampaniyalarının şərtlərinin mürəkkəbləşməsi qiymət fərqlərinin yaranmasına səbəb ola bilər. Bəzi aksiyalardan yararlanmaq üçün müştərinin bonus kartını təqdim etməsi və ya mobil tətbiqdən istifadə etməsi tələb olunur. Digər kampaniyalar isə yalnız müəyyən məbləğdə alış-verişə, konkret sayda məhsulun alınmasına və ya “3-ü 2 qiymətinə” kimi şərtlərə əsaslanır.

Bundan başqa, endirim yalnız məhsulun müəyyən çeşidinə və ya dadına aid ola, digər kampaniyalarla birləşdirilməyə bilər. Endirimin müddətinin məhdud olması da alıcının şərtləri nəzərdən qaçırmasına səbəb ola bilər.

Pərakəndə satış şəbəkələrinin nümayəndələri isə belə halların hər zaman mağazanın səhvi ilə bağlı olmadığını bildirirlər. Onların sözlərinə görə, alıcılar bəzən müxtəlif məhsulların və ya eyni məhsulun fərqli çeşidlərinin qiymətlərini səhv salır, yaxud başqa mağazada gördükləri kampaniya şərtlərini həmin şəbəkəyə də aid edirlər.

Paşa Məmmədli
Tarix: Bu gün, 15:57
Xəbəri paylaş



Xəbər lenti