“Hər gün Allaha yalvarıram ki, yağış yağmasın. Elə ki, havalar soyuyur, bax onda əzablı günlərimiz başlayır. Evin içi su ilə dolur, qışda soyuqdan donuruq. İlimiz xəstəliklə keçir. Bu azmış kimi, siçanlar da bir tərəfdən yaşamağa imkan vermir. Özüm də 1-ci qrup əliləm, hara müraciət edirəmsə, heç kim kömək eləmir”.Bu, Elməddin Axundovdur. O,
Musavat.com-a müraciət edərək kömək istədiyini bildirib. 27 yaşlı Elməddin hər yerdən ümidini kəsdiyini deyir: “Salyan rayonunda anadan olmuşam. 3 yaşında olarkən atamı itirmişəm. Anam xəstəxanada tibb bacısı işləyir, qardaşımla məni min əziyyətlə böyüdüb.
Evimiz Salyan rayon F.Axundov küçəsi, ev 13 ünvanında yerləşir. Yaşadığımız ev 1948-cu ildə tikilib, ata yurdudur. Onsuz da ev çox pis vəziyyətdə idi, 2010-cu ildə Kür daşqınları zamanı daha da qəzalı vəziyyətə düşdü. Hər an təhlükədəyik, burada it də yaşamaz, amma biz əlacsız qalıb, yaşamağa məcburuq. 2-ci qrup əlil olan bibim də bizimlə birgə yaşayır. Gecə yatdığımız yerdə yağış üstümüzə tökülür. Özüm də 1-ci qrup əliləm, belə yerdə əlil insan necə yaşasın?! Aldığım pensiya və anamın 200 manat məvacibi dolanışığa güclə çatır. Evin təmir edilməsinə çoxlu pul lazımdır, o qədər pulu haradan alaq”.
Elməddinin sözlərinə görə, bir neçə dəfə Salyan rayon icra hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə (FHN), Obudsmana müraciət edib: “ Bu qurumlardan gələn cavablara da baxa bilərsiz. Dəfələrlə bu qurumlara müraciət etsəm də, boş vədlər verdilər, sonradan maraqlanmadılar. Bəzilərindən də rədd cavabı almışam. İcra hakimiyyətindən mənə bildirildi ki, növbəyə yazılmaq lazımdır. Növbəyə yazılanlara isə 10 ildən sonra növbə çatır. Ona görə razılaşmadıq”.
Problemlə bağlı ilk olaraq Salyan Rayon İcra Hakimiyyətinə müraciət etdik.
Qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aqşin Babayev Musavat.com-a məsələnin araşdırılacağını bildirdi. Qurum rəsmisi növbə ilə bağlı aşağıdakıları söylədi: “Özünüz bilirsiniz ki, yalnız Qarabağ əlilləri və şəhid ailələri üçün evlər tikilir. Növbəyə dura bilər. Hər halda biz araşdıracağıq. Bu məsələdən xəbərim yox idi. Biz o ailə ilə də əlaqə saxlayacağıq. Araşdıraq görək onlara necə kömək edə bilərik”.
Məsələ ilə bağlı FHN-nin mətbuat xidməti ilə də əlaqə saxladıq. Qurumdan Musavat.com-a bildirildi ki, bu məsələyə yerli icra hakimiyyəti cavabdehdir.
Afaq Mirayiq,Musavat.com
Tarix: 20-09-2020, 20:28