“Bu ilin sonunda ölkəmizdə boşanma sayında rəqəmlər yüksək olacaq”
“Ailələrdəki zorakılıqda daha çox uşaqlar risk qrupuna daxildir”
Astarada gəlin qayınatasını bıçaqlayıb. Hadisə rayonun Maşğan kəndində qeydə alınıb. Kənd sakini 1960-cı il təvəllüdlü Nadir Axundov öz evində gəlini, 1995-ci il təvəllüdlü Aysel Axundova tərəfindən bıçaqlanıb. Kürək nahiyəsindən xəsarət alan N.Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının əməliyyatdan çıxdıqdan sonra vəziyyəti normal qiymətləndirilir.
Məlumata görə, A.Axundova həyat yoldaşı ilə boşanma ərəfəsində olsa da, o, yenidən ər evinə qayıtmaq istəyib. Lakin bu hal qayınatasının narazılığına səbəb olub. Nəticədə gəlin mətbəx bıçağı ilə belə bir hadisə törədib.
Baş verənlərə dair “Sherg.az”a danışan “Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova bildirib ki, ekspertlər pandemiya, xüsusilə sərt karantin rejimində məişət zorakılığının artmasına dair rəy veriblər.
G.Səfərova qeyd edib ki, bizdən öncə sərt karantin rejimi tətbiq olunan ölkələrdə həm boşanmalar, həm də məişət zorakılığı artıb:
“Lakin məişət zorakılığının hamısının pandemiya ilə əlaqələndirə bilmərik. Sözsüz ki, baş verənlər psixoloji durumla əlaqəlidir. Qadının törətdiyi zorakılıq faktının kökündə adətən qadına qarşı törədilən zorakılıq hadisəsi durur.
Çox güman ki, hadisənin baş vermə səbəblərindən biri ailəyə müdaxilə edilməsi olub. Xüsusilə regionlarımızda mürəkkəb tip ailə modeli mövcuddur. Regionlarda böyüklər ailənin qurulmasına və digər məsələlərə müdaxilə edirlər.
Baş verən hadisədə boşanma faktı olub, tərəflər yenidən bir araya gəlmək istəyib və qayınata buna mane olmağa çalışıbsa, münaqişənin kökündə bu fakt dayanır”.
İcraçı direktorun fikrincə, heç bir halda zorakılıq faktına haqq qazandırmaq olmaz:
“Qadın ya kişi fərq etməz, hər kəs hüquqi baxımdan cəzalanmalıdır. Məişət zorakılığının artması xüsusilə son zamanlarda daha çox müşahidə olunur. Məsələn, pandemiya ilə əlaqədar insanlar evdə çox vaxt keçirirlər. Bu zaman problemlər yarana bilər. Karantində çox insan işini itirdi, maddi durum zəiflədi. Maddiyyat münasibətlərinin pisləşməsinə səbəb olur”.
Ekspert hesab edir ki, bu ilin sonunda ölkəmizdə boşanma sayında rəqəmlər yüksək olacaq:
“Buna pandemiyanın da təsiri də var. Ailələrdəki zorakılıqda daha çox uşaqlar risk qrupuna daxildir. Hazırkı vəziyyət və sosial durum gərgin hadisələrə səbəb olur. Əvvəllər boşanma faktları bizlərə çox pis təsir edirdi.
Lakin həqiqət budur ki, ailə modeli ilə bağlı problemlər var. Deməli, nələrsə dəyişməlidir. Çünki mürəkkəb ailə modeli daha çox zorakılığa səbəb olur”.
Tarix: 15-09-2020, 21:56