Tələbələrin karantin qayğıları və ya İTİRİLMİŞ İL


Tələbələrin karantin qayğıları və ya         İTİRİLMİŞ İL
Məsafədən təhsil böhran keçirir, xüsusilə internetin ucbatından
 
Pandemiya ən çox tələbələrin həyatına təsir göstərdi. Ənənəvi təhsildən distant təhsilə keçid bir çox çətinliklər yaradır. Əsasən də rayonda yaşayan tələbələr, xüsusilə internet sarıdan daha çox problemlə üzləşirlər.
 
AYNA mövzu ilə bağlı bölgələrdə yaşayan bir neçə tələbənin sıxıntısını dinləyib.
 
Aysel Hüseynova: “Pandemiya  dövrü istər mənəvi, maddi istərsə də psixoloji şəkildə milyonlarla insana, eyni zamanda mənə ciddi zərər verdi. Karantin dövründə keçirilən onlayn dərslərdə zaman-zaman internet problemi, bəzi hallarda isə şəbəkə problemindən əziyyət çəkmişəm. Bu, çox çətin bir prosesdir. İnternetim bərpa olunsa da, onlayn dərslər effektiv olmadığı üçün, diqqət dağınıqlığı, fikrimi cəmləməmə kimi hallarla qarşılaşmışam. Əslində, məni də bir çox tələbələr kimi qane etmədiyi üçün, onlayn dərslərin çoxuna qoşulmamışam. Təbii olaraq da, bu prosesdə təhsilin nə qədər keyfiyyətsiz olduğunu deməyim mənasızdır. Bunlar təməl proseslər olsa da, irəlidə bir çox tələbənin karyerasına mənfi təsir edəcəyinə əminəm. Təhsil sistemimiz bu kimi halları göz önünə qoyaraq, eyni halı təkrar etdilər ki, biz tələbələr "inkişaf" edək.
 
Karantin dövrünün maddi sıxıntılarından danışmağım yersizdir. Bu, hər kəsə məlumdur ki, əhalinin böyük qismi daha acınacaqlı vəziyyətə düşüb. Amma mənə ən çox təsir edən psixoloji tərəfidir. Bu, uzun zaman kəsimində geri qalan şəxsi inkişafımin, təhsilimin geriləməsi yetmirmiş kimi, ailəmlə də bəzi fikir ayrılıqları yaşadım. Fikir ayrılıqlarımız, əslində çox böyükdür, demək olar ki, tamamilə ziddir. Bu haqda çox uzun şəkildə danışmaq olar. Bu, mənim kiçik, iki danışdıqlarımdır. Qeyd etdiyim kimi mövzu çox geniş, təəssüf ki, acıdır. Diqqətinizə görə təşəkkürlər”.
Onlayn dərs, arxiv şəkli
Günel Uralova: “Bizdə internet var, amma çox zəifdir. Adicə 10 dəqiqə işıq sönüb-yanandan sonra dərsə gəldikdə mövzunun dəyişdiyini görürəm. Həm də onlar dərsdə olan müddətdə işığın sönməsini də nəzərə almalıdırlar, məncə. Düşünürəm ki, internetin ödənişi ilə sürəti arasında böyük ziddiyyət var”.
 
Amil Məhərrəmov: “Martda ilk karantin başlanandan rayona getdim, kəndimizdə də internet olmadığı üçün, əvvəllər dərslərə qoşula bilmirdim, sonralar əsas dərslərə ara-sıra qoşulurdum, amma internet baha olduğu üçün xeyli ziyan edirdim. Dərslərin də onlayn keyfiyyəti daha aşağı idi və bu semestrki dərslərdən, demək olar, nəsə öyrənə bilmədim. Bir xeyri o oldu ki, universitetin mənasız dərslərindənsə ixtisasıma aid daha fərqli məqalələr, kitablar oxuyurdum. Yayı Bakıda işləməyi və gələn semestrə əlavə pul yığmağı düşünürdüm, amma karantinə görə Bakıya da gedə bilmədim. Tələbə olduğuma görə 190 manat üçün heç müraciət etmədim. Psixoloji cəhətdən də ki, lap çökdürdü, əsas məsələ də karantinin dəqiq nə vaxt bitəcəyini bilməmək idi, sanki Alber Kamyunun "Taun" əsərini canlı yaşayırdıq, sadəcə ölüm riski aşağıydı”.
 
İlahə Əliyeva: “İnternetimiz mövcuddur. Lakin gündəlik normal şəkildə işləmir. Dərs zamanı internetin sürətinə görə əlaqə tez-tez kəsilir. Və işığın sönməsini də saysaq, demək olar ki, tələbələrin üzərinə yük çox düşür”.
Tarix: 6-09-2020, 22:48
Xəbəri paylaş



Xəbər lenti