“O BNA-çının avtomobilini alın. İşə avtobusla gedib-gəlsin. Yoxsa, xeyri yoxdur. Hər gün xalqın da, dövlətin də, iqtidarın da ziyanına bir qərar verəcək”.
Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisiin sabiq deputatı Gülər Mikayılqızı sosial şəbəkədə yazıb. O, Bakı Nəqliyyat Agentliyi (BNA) rəsmisinin çıxışında irəli sürdüyü fikirlərin yanlış olduğunu bildirib:
“Bizim ölkədə ədalətli və sağlam məntiqli davranışı yalnız bir yolla bərqərar etmək olar. Hər verdiyin qərarı özünə tətbiq etməklə…
Bu müasir menecerləri Sabunçu, Binəqədi, Xəzər, rayonlarının kasıb məhlələrinə aparmaq lazımdır. Yoxsa elə bilirlər ki, Bakıdakı yollar hamısı Neftçilər prospektidir, millətin də arvad-uşağı, qocası bunların evindəki kimi. Biri bundan soruşsun ki, əlil arabasında gəzənlər üçün neçə avtobusun var? Həmin avtobuslar gecəqondu tikilmiş, asfaltsız əyri-müyrü neçə küçəyə girir? Bütün əlil arabaları hərəkət üçün "badımcan taksi"dən istifadə edir, bilirsiniz? Əlillərin pensiyasının məbləğindən xəbəriniz var? Yenə yazım? Öz arşınınızla ölçməyin. Sizin kimi yaşamayan minlərlə adam var ölkədə. Bu qədər bəsdir...”
Tarix: 3-09-2020, 13:04