ASC əməkdaşlarından qəribə məntiq: “Kodun aktiv qalması üçün borc yazılıb” Maşatağa qəsəbəsi, Bakı fəhləsi küçəsinin sakinləri “Azərsu”dan su ala bilməsələr də, ünvanlarına borc gəlib. Qonşular adından AYNA-ya danışan İsgəndər Qənbərov deyib ki, məhəllələrinə bir ilə yaxındır su xətti çəkilsə də, ana xəttə birləşdirilmədiyindən su yoxdur: ““Azərsu”dan gəlib xətti çəkəndə sakinlərə kod paylanıb. Mən evdə olmamışam deyə heç bizə kod da verməyiblər. Müraciət etmişəm, görək nə zaman verirlər”.
“Bir ildir su gözləyirik, əvəzində isə hər evə 4.55 AZN borc gəlib. “Azərsu”yun əməkdaşı da bildirib ki, kodun aktiv qalması üçün borc yazılıb”, - şikayətçi bildirib.
Sakin əlavə edib ki, kənddə su maşını tapmaq da çətindir: “Qəsəbənin bir çox yerinə su xətti çəkilib, ona görə su maşınları da başqa istiqamətlərə yönəlib. İndi bir qonşu su gətizdirirsə, başqalarına da xəbər edir. Xəbərləşməsək, maşın tapmaq da müşkül məsələyə dönür”.
Problemlə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O, AYNA-ya bildirdi ki, problem araşdırılacaq. Lakin günlər keçməsinə baxmayaraq, sakin İsgəndər Qənbərov dediyinə görə, problemlə gəlib yerində maraqlanan olmayıb.
Təkrar Anar Cəbrayıllı ilə əlaqə saxlqamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı.
Tarix: 3-09-2020, 07:40