Birinci vitse-prezident vətəndaşa yardım tapşırığı verir, RİH isə “pulumuz yoxdur” deyir


Birinci vitse-prezident vətəndaşa yardım tapşırığı verir, RİH isə “pulumuz yoxdur” deyir
“İcra hakimiyyətinin bir otağını təmirinə vəsaiti çatmırsa, bu boyda rayonun bütün sakinlərinin problemlərini hansı vəsaitlə həll edəcək?”
 
Lerik rayonu, Hamarmeşə kənd sakini Aynur Salmanova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb. Məktubda vətəndaş öz evinin bir otağının təmiri üçün Mehriban Əliyevadan kömək istəyir.
 
Vətəndaşın müraciətinə uyğun olaraq Birinci vitse-prezident tərəfindən müvafiq icra qurumuna evin təmir olunması ilə bağlı göstəriş verilib. Lakin Lerik Rayon İcra Hakimiyyətindən (RİH) vətəndaşa ünvanlanan cavabda rayon icra qurumunun fondunda mənzilin təmir olunması üçün maddi vəsaitin olmadığı deyilib.
 
“Mən Mehriban xanım Əliyevaya evimin bir otağının təmir olunması ilə bağlı müraciət etmişəm. Xanım Birinci vitse-prezident mənim müraciətimi öz diqqətində saxlayıb və Lerik Rayon İcra Hakimiyyətinə evimin bir otağının təmir olunması ilə bağlı tapşırıq verib. Lakin İcra Hakimiyyətindən mənə gələn məktubda bildirilir ki, mənim yaşadığım evin bir otağının təmir olunması üçün onların fondunda pul yoxdur. Mən təəccüb içindəyəm ki, bir icra qurumunun mənim yaşadığım evin bir otağını təmir etmək üçün lazım olan minimal büdcəsi yoxdursa, bu boyda rayonun bütün sakinlərinin problemlərini hansı vəsaitlə həll edəcək?” - A.Salmanovanın AYNA-ya açıqlamasında deyib.
Mehriban Əliyeva: birinci xanım olmağın məsuliyyəti və sərhəd tanımayan  xeyirxahlıq - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
“Ayrıca, göstərişi ölkənin Birinci vitse-prezidenti verdiyi halda, icra qurumu bu göstərişə necə belə etinasız və laqeyd yanaşa bilir? Mən Mehriban xanım Əliyevaya ikinci dəfə müraciət edib İcra Hakimiyyətinin məsələyə etinasız yanaşdığını bildirdim və problemimin həlli üçün daha məsuliyyətli başqa bir quruma və ya elə Lerik Rayon İcra Hakimiyyətinə təkrar tapşırıq verməsini xahiş etdim. Mehriban xanım Əliyevaya ünvanladığım ikinci müraciəti Azərbaycan mətbuatının və ictimaiyyətinin də diqqətinə çatdırıram”, - vətəndaş bildirib.
 
Salmanovanın Mehriban Əliyevaya ünvanladığı ikinci müraciətinin mətninda qeyd olunur:
 
“Salam, Hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva! Yazıb sizə bildirirəm ki, təxminən, 2 ay əvvəl yaşadığım evin təmirə ehtiyacı olması və təmiri üçün mənə kömək etməyinizlə bağlı Sizə ünvanladığım müraciətə cavab olaraq müvafiq icra qurumuna göstəriş vermisiniz. Bunun üçün sizə xüsusi minnətdarlığımı bildirir, diqqət və qayğınız üçün təşəkkür edirəm! Lakin Lerik Rayon İcra Hakimiyyəti tərəfindən mənə ünvanlanan, sizin göstərişinizə müvafiq cavab məktubunda bildirilib ki, icra qurumunun fondunda hal-hazırda mənim yaşadığım evin təmir olunması üçün köməklik göstərməyə maddi vəsait yoxdur.
 
Ardınca, məktubda qeyd olunub ki, dövlət tərəfindən vətəndaşların mənzil məsələlərinin həlli ilə bağlı icra qurumuna hər hansı vəsait ayrılarsa, o zaman mənim yaşadığım evin təmiri üçün kömək edəcəklər. Mən isə sizə yazdığım birinci məktubda da qeyd etdiyim kimi, birinci tip ağır şəkər xəstəsiyəm və yaşadığım evin şəraitsizliyi səbəbi ilə səhhətimdəki problemlər getdikcə çoxalır və evin mümkün qədər tez təmir olunmasına ciddi ehtiyac duyuram.
 
Sizdən xahişim odur ki, hazırda orta məktəbdə oxuyan iki qız övladımı, heç bir yerdə işləməyən yoldaşımı və ağır xəstə olan məni nəzərə alasınız, Lerik Rayon İcra Hakimiyyətinə və ya digər aidiyyəti orqana yaşadığım evin mümkün qədər tez təmir olunması üçün lazımi göstərişi verəsiniz. Əvvəlcədən sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirir, ümid və intizarla cavabınızı gözləyirəm!”
Tarix: 31-08-2020, 22:32
Xəbəri paylaş



Xəbər lenti