Azərbaycanda təhsil müəssisələri mərhələli şəkildə açılacaq. Sentyabrın 15-dən ibtidai siniflər dərsə, yuxarı sinif şagirdləri isə onlayn tədrisə başlayacaqlar. Zamanla bu sinifdə təhsil alan şagirdlər üçün də ənənəvi təhsil bərpa olunacaq. Oktyabrın 1-dən etibarən 5-9-cu siniflər, oktyabrın 15-dən etibarən isə 10-11-ci sinif şagirdlərinin ənənəvi təhsilinin bərpası nəzərdə tutulur.Məktəb binasına daxil olarkən həm müəllimlərin, həm də şagirdlərin hərarəti ölçüləcək, tibbi maskalardan istifadə olunacaq, sosial məsafə gözləniləcək, mütəmadi olaraq dezinfeksiya işləri görüləcək.
Uşaqlarını məktəbə göndərmək istəməyən valideynlərlə xüsusi razılaşma aparılacaq. Valideyn məlumatlandırılacaq ki, minimum birinci yarım il ərzində şagird valideynin nəzarəti altında həm teledərslərə baxmalı, həm məktəbin təşkil etdiyi "virtual dərslər”də iştirak etməlidir.
Məktəblərin başlanması ilə bağlı verilən qərarı son zamanların ən sevindirici xəbəri kimi dəyərləndirən Pediatr Günay Rəsulovanın sözlərinə görə, bununla belə pandemiya şəraitində dərslərin davam etməsi valideynlərdə müəyyən narahatlıq doğurur. Övladı məktəbə gedən ailələr uşaqlarımızı koronavirusdan necə qoruyaq? sualı ətrafında var - gəl edirlər. Məktəbə gedən uşaqların xəstəlikdən qorunması üçün vacib olan bir neçə nüansa toxunan pediatrın sözlərinə görə, uşaqların profilaktik peyvənd təqvimlərinin yerində olub- olmadığını dəqiqləşdirmək lazımdır:“Uşaqlaravurulan profilaktik peyvəndlər onları infeksion xəstəliklərlə yanaşı virusdan da qoruyur”.
G. Rəsulovanın sözlərinə görə, məktəbə gedən uşaqların sağlam olub olmadığını müəyyənləşdirmək üçün mütləq chek up müayinəsindən keçirmək lazımdır. Yanaşı somatik xəstəliyi olan uşaqların immun sistemi aşağı, yaddaşı isə zəif olur:“Payız mövsümündə influenza viruslarının da mövsümü olduğuna görə, yanaşı xəstəliyi olan və risk qrupuna aid olan uşaqların hamısına influenza əleyhinə peyvəndlərin vurulmasına diqqət etmək lazımdır. Övladlarınıza məktəbdə digər uşaqlarla və kənar insanlarla təmasda ara məsafəsi gözləməyi öyrədin, hətta məşq etdirin. Uşaqlara əl yuma və digər gigyena qaydalarını aşılayın, çantalarına əl dezinfektantları qoyun. Sinif otaqlarının normal havalanmasına diqqət edin. Məktəbə gedən uşaqların düzgün qidalanmasına ciddi fikir verin. Onları səhər yeməyi yemədn məktəbə göndərməyin və gün ərzində sağlam qidalanmalarına diqqət edin. Normal immunitet və virusa qarşı möhkəm müqavimətin olması üçün uşaqların bəlli bir yuxu rejimi olmalıdır. Uşaqların D vitamini, sink və Vitamin C ehtiyaclarının günlük qarşılanmasına diqqət edin. Bu elementlər uşaq immun sisteminin qüvvətli olması üçün çox vacibdir. Xəstəlik əlamətləri hiss etdiyiniz uşaqları qətiyyən məktəbə göndərməyin və onları mütləq izolyasiya edin. Pediatra da bu haqda məlumat verin”.
Tarix: 30-08-2020, 14:07