“Onların hansısa avtomobili təqib etmələri, hətta bu zaman qəza vəziyyətinin yaranmasına səbəb olmaları qətiyyən anlaşılmır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Dövlət Yol Polisi (DYP) əməkdaşlarının yol-hərəkət qaydalarını pozan avtomobilləri təqib edərkən, baş verən qəzalara münasibət bildirən millət vəkili Fazil Mustafa deyib.
Tanınmış şair-publisist Heydər Oğuzun oğlu yol polisi əməkdaşlarının təqib etdikləri avtomobil tərəfindən vurulib. Heydər Oğuz özünün sosial şəbəkə hesabında bu hadisəni belə təsvir edib:
“Dünən ailəmiz çox ağır bir sınaqdan Allahın inayətilə zərər çəkmədən çıxdı. Oğlum Nicat şəhərin mərkəzində qırmızı işıqda keçdiyi üçün yol polisi tərəfindən qovalanan bir maşın tərəfindən vurulub. Şahidlərin və oğlumun dediklərinə görə, Nicat göydə bir neçə dəfə fırlanaraq, hardasa 10 metr “uçduqdan” sonra yerə çırpılıb. Allaha çox şükür ki, ciddi xəsarət almayıb. Ayağının çeçələ barmağı qırılıb, bədəninin bəzi nahiyələri əzilib. Səhhəti normaldır. Ən dəhşətlisi isə budur ki, həmin maşın adam vurduqdan sonra da yol polisi qovala-qaçdı oyununu dayandırmayıb. Vurulan şəxsə kömək etmək əvəzinə, dar və daha çox insanların keçidi üçün nəzərdə tutulan yolda “ov”unu yaxalamağa çalışıb. Yeganə təvəqqem DİN-nədir: Yol polislərinə şəhərin mərkəzində, çoxsaylı insanların keçid məkanlarında maşınları qovalamağın böyük fəlakətlərə yol aça biləcəyini qandırın. İnsanların həyatı bu qədər ucuz deyil və olmamalıdır”.
Həqiqətən, DYP əməkdaşlarının şəhərin dar küçələrində avtomobilləri təqib etmələri üzündən qəza vəziyyətlərinin yarandığı tez-tez müşahidə olunur. Sual yaranır, DYP əməkdaşları hər qayda pozan avtomobili mütləq təqib etməlidirlər?
Axı dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına Bakının küçələrində müşahidə kameraları quraşdırılıb. Hər halda, həmin kameralar istənilən nəqliyyat vasitəsinin hərəkətini nəzarətdə saxlamağa imkan verirsə, o halda yol polislərinin “kaskadyor”luğuna nə ehtiyac var?
Bu barədə Yenicag.az-a danışan millət vəkili Fazil Mustafa da yol polislərinin şəhərin küçələrində “avtoşou” keçirmələrinə ehtiyac olmadığını deyib:
“Adətən, təcrübəsiz polislər belə davranaraq, əmrə tabe olmayan avtomobilləri təqib edirlər. Aydındır ki, təcrübəli polis əməkdaşları yollarda qəza vəziyyəti yarada biləcək bu hərəkətlərdən çəkinirlər. Onsuz da, küçələrdə çox sayda müşahidə kameraları quraşdırılıb, onların sayəsində qayda pozuntusuna yol vermiş avtomobilləri asanlıqla müəyyənləşdirmək mümkündür.
Belə olan halda, yol polislərinin hansısa avtomobili təqib etmələri, hətta bu zaman qəza vəziyyətinin yaranmasına səbəb olmaları qətiyyən anlaşılmır. Ona görə də, yol polislərinin belə məsələlərdə maksimum diqqətli olmaları lazımdır”.