Bakının dərdi var, Bakı xəstədir, amma dərdini kimə desin?!


Bakının dərdi var, Bakı xəstədir, amma dərdini kimə desin?!
Müvafiq qurumlar problemi həll etmək əvəzinə, “topu” biri-birilərinin qapısına atmaqla məşğuldur
 
Hər ilin yağışlı mövsümlərində Bakı küçələri su ilə dolub-daşır, şəhərimiz Venesiyaya çevrilir. Lakin özümüz deyib-özümüz eşidirik, bir çarə qılan olmur.
 
Bu il avqustun 17-də də eyni hal təkrarlandı. Bir az yağış yağdı, bəzi küçələrdə koronavirusa qarşı dezinfeksiya işləri görüldü və paytaxtın küçələri dönüb oldu Nil çayı – köpüklü, bulanıq su seli yolları başına götürdü.
 
AYNA yaşanan problemlə əlaqədar müvafiq dövlət qurumlarına müraciət edib.
 
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən bildirildi ki, yolların vəziyyəti, təmiri ilə onlar yox, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məşğul olur: “Dezinfeksiya işləri həftənin şənbə günü edilib. Bazar ertəsi günü yağış yağdı, yuxarı qalxıb və yenidən olub. Onun üçün biz neyləyə bilərik ki? Dezinfekisya olunmuş küçələr şampuna bənzər köpüklü maddə ilə yuyulur, yollar yenidən dezinfeksiya olunur. Bu, pis deyil, təkrar dezinfeksiya deməkdir, nəticədə mikroblar ölür”.
 
Təbii ki, su-kanalizasiya sistemlərinin vəziyyətinə “Azərsu” ASC cavabdehdir. Lakin qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıdan aldığımız cavaba görə, yağış barmaqlığı olmayan yerlərdə gölməçə yaranır: “Diqqətinizə çatdırım ki, “Azərsu” ASC  yollarda yağış barmaqlıqlarının quraşdırılması ilə məşğul olmur. Yollarda yağış barmaqlılarının quraşdırılması ilə yol təsərrüfatı məşğuldur. Yəni hansı yol tikilib, yenidən qurulursa, yağış drenaj sistemlərinin və barmaqlıqlarının quraşdırılması yol infrastrukturunun qurulması çərçivəsində həyata keçirilir və onlar sadəcə orda çəkilmiş xətti gətirib, bizim kanalizasiya şəbəkəmizə qoşa bilirlər. Bizə müracitə edirlər və biz də deyirik ki, filan ünvanda qoşa bilərsiniz”.
Anar Cəbrayıllı: Yeni sutəmizləyici qurğunun inşası yekunlaşıb ...
“Küçədə yağış barmaqlıqlarının olmaması, suyun toplanaraq gölməçə yaratması məsələlərinə biz cavabdeh deyilik. Əgər yağış barmaqlıqları olsaydı, kanalizasiya baxış quyusu olsaydı, su getməsəydi, onlar işləməsəydi, o zaman biz bu məsələlərə münasibət bildirə bilərdik. Amma əgər yol infrastrukturunda yağış barmaqlıqları qurulmayıbsa və gölməçə yaranıbsa, burda artıq “Azərsu” ASC-nin edəcəyi bir şey yoxdur. Əgər yolda yağış barmaqlıqları varsa, işləmirsə, o zaman onun təmizlənməsi, ona xidmət göstərilməsi və ya kanalizasiya tutulubsa, yağış suyu getmirsə, ona xidmət göstərmək bizim borcumuz və vəzifəmizdir. Amma yağış barmaqlılarının qurulması yol qurulmasını, təmirini həyata keçirən təşkilat və ya şirkət tərəfindən həyata keçirilir”, - Cəbrayıllı bildirib.
 
BŞİH də, “Azərsu” da problemin yaranmasında eyni təşkilatı hədəf göstərdi – AAYDA. Bu qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə ortada böyük problem görmür: “Dünyanın istənilən yerində, istənilən şəhərində o cür problemlər yaşanır. Xarici mətbuatı izləsək, onlarda da bu kimi problemlərin olduğunu müşahidə edə bilərik. Qısa müddətli, güclü yağışlar zamanı su ötürücü sistemlər var ki, onlar eyni zamanda o qədər miqdarda suyu qəbul edə bilmir və nəticədə bu kimi problem yaranır. Amma qısa müddətdən sonra görürsünüz ki, həmin su çəkilib gedir. Problem o zaman ola bilər ki, su çəkilib getməsin. O zaman sistemdə nəsə problem olduğu deməkdir. Sistemin isə qəbuletmə gücü var. O qəbuletmədən artıq su daxil olanda suyun bir hissəsi yollarda yığılıb qalır”.

“Belə hallar yoldan kənar ərazilərdə yaşanır. Amma biz yollardan daha çox istifadə etdiyimiz üçün birinci yollar yadımıza düşür. Binəqədi və başqa ərazilərdə də bu kimi hallar baş verir. O da ki, həmin ərazilərdə kollektorların olmaması və yaxud da suyu qəbuletmə gücünün çatmaması nəticəsində baş verir. Düzdür, Agentlik olaraq kollektor çəilişləri ilə məşğul olan qurum deyilik. Yağış kollektorları olmalıdır ki, həmin su birbaşa olaraq dənizə və yaxud da harasa axıb getsin. Amma təəssüflər olsun ki, yağış kollektorları az olduğuna görə biz çalışırıq ki, yollar təmir olunan zaman, əgər ərazilərdə bundan əvvəl su yığılması və s. kimi problem yaşanıbsa, həmin ərazilərdə yağış kanalizasiya sistemi yoxdursa, o sistemi yaradaq və heç olmasa, yaxınlıqdan keçən kanalizasiya sisteminə, kollektorlarına qoşaq. Və nəticədə biz onu edirik. Amma qeyd etdiyim kimi, eyni vaxtda normadan artıq yağıntı olanda sistem onu ötürə bilmədiyinə görə bu kimi problemlər yaranır. Amma qısa müddətdən sonra yağış bir qədər azalan kimi sistem onu çəkib apara bilir”, - Nəcəfli deyib.
 
Onun sözlərinə görə, hətta, yoldan kənar bir ərazidə kollektor keçirsə, AAYDA ona da həmin sistemi qoşa bilib: “Heç olmasa, kanalizasiya vasitəsilə ötürülüb getsin. Amma bu, düzgün deyil. Bu, birbaşa yağış suları, sərt sular olduğuna görə yağış kollektorları olmalıdır. Yağış kollektorları da Bakı şəhərində çox azdır. Kanalizasiya sisteminə qoşulur, nəticədə kanalizasiya sistemi yüklənir, bildiyimiz kimi şəhərimiz böyüyür və kanalizasiya sistemi əlavə ötürmə etməlidir. Yağışlar da yağan zaman nəticədə yollarda belə xoşagəlməz mənzərələr yaranır. Biz maksimum dərəcədə çalışırıq. Əgər ərazidə kanalizasiya sistemi yoxdursa, biz onu yaradıb, hara qoşaq?! Hətta, bizim təcrübəmizdə elə ərazilər olub ki, həmin yerdə, ümumiyyətlə kanalizasiya sistemi, kollektor olmayıb. Biz yolun kənarında quyular qazmışıq, kanalizasiya sistemini ora qoşmuşuq, yağış suları axıb ora, matorlar və su nasosları vasitəsilə kənarlaşdırılıb”.
 
“Bu da heç düzgün həll yolu deyil. Bu zaman işıq kəsilə bilər, nəsə problem meydana gələ bilər və ötürə bilmərik, yenidən su dola bilər. Amma biz məcburiyyətdən bu üsulla problemi aradan qaldırmağa çalışmışıq. Məsələn, Ramanı yolu, Binə qəsəbəsi kimi ərazilərdə bu üsulla problemi aradan qaldırmağa çalışmışıq. Amma şəhərdə quyu qazmaq və belə üsulla problemi həll etmək mümkün deyil. Görərsiniz ki, harda mümkündürsə etmişik, həmin yerlərdə yağış barmaqlıqları da var. Dediyim kimi harda yağış suyu yenidən yığılıb qalırsa, ora artıq ötürə bilmir və buna görə də belə problemlər baş qaldırır”, - Agentlik sözçüsü bildirib.
Tarix: 18-08-2020, 20:59
Xəbəri paylaş



Xəbər lenti