Xətai rayonu, Rəşid Bağırov küçəsinin sakinləri zibil problemilə üzləşiblər. Xeyli vaxtdır Mənzil Kommunal İstismar Sahəsi (MİS), Xətai rayon İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyətinə müraciətləri nəticə vermədiyindən onlar Prezident Administrasiyasından kömək istəmək qərarına gəliblər.
Bizimyol.info-ya danışan sakinlər deyir ki, iyunun 17-də ərazidəki zibil qablarını götürüblər: “Zibil qablarını “JEK” işçiləri yerindən götürüb, təxminən 500 metr aralıda, Bakı neftayırma zavoduna məxsus sexin girəcəyinə atmışdı. Şikayət etdik ki, pandameya dövründə, bütün dünyanın virusa qarşı mübarizə apardığı bir vaxtda zibil qablarının götürülməsi adamları pis vəziyyətdə qoyur. Çünki yaşlısı, xəstəsi var, yarım kilometr yolu gedə bilmir. Nəticədə ərazi zibilliyə çevrilir. Qısa müddətdə problem həllini tapmasa, infeksiyanın daha sürətlə yayılmasına rəvac verəcək”.
MİS-in nümayəndəsi bu barədə şikayətlərə cavab olaraq bildirib ki, ərazidə yaşayanlardan 56 nəfər sakin Bakı şəhər İcra Hakimiyyətinə məktub göndərib. Onlar üfunətdən şikayətlənərək, zibil qablarının götürülməsini istəyiblər. Bakı şəhər İcra Hakimiyyəti də sərəncam verib ki, zibil qabları ərazidən götürülsün.
“Mənzil İstismar Sahəsinin işçiləri zibil qabılarının götürülməsi haqda sərəncam olduğunu deyir, amma o sərəncamı bizə göstərmirlər”, - deyə sakinlər bildirib.
Şikayətçilərdən hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, bir müddət əvvəl Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov əraziyə gəlib, sakinləri dinləyib: “O ərazidə satılan yerləri də gördü, sakinlərin şikayətlərini dinlədi. Bir gün sonra zibil qabılarını gətirib qoydular. Zibil qabıları üçün nəzərdə tutulmuş yerdə villa tikənlər qabların geri qaytarılıb, üzbəüz yerdə qoyulmasına qəzəbləndilər. Bir qədər sonra qabları üzüaşağı çevirdilər. Sonra isə ümumiyyətlə, o qabları ləğv elədilər. Zibil qabı nədir ki, insanlara bu məsələdə də problem yaradılır?”
Sakinlər Prezident Administrasiyasına şikayət edərək, bu problemin həllində kömək istəyirlər.
Tarix: 18-08-2020, 20:20