Milli Məclis antiyağış qanunu qəbul etsin, camaata rezin çəkmələr paylansın – FOTO, VİDEO


Milli Məclis antiyağış qanunu qəbul etsin, camaata rezin çəkmələr paylansın –       FOTO, VİDEO
Paytaxt küçələrində praktik olaraq heç bir gölməçə qalmayıb, onların hamısını dərin çaylar əvəz edib
 
Məşhur Sovet filmi “İşdə məhəbbət macərası”nda aktrisa Alisa Freindlixin ifasında səslənən populyar mahnıda belə sözlər var: "Təbiətdə pis hava yoxdur, hər hava bir lütfdür". Bəlkə də, həqiqətən belədir, amma bu havanın hansı şəhərdə lütfə çevrilməsini mütləq aydınlaşdırmaq lazımdır. Məsələn, günəşli Azərbaycan paytaxtı Bakıda istənilən hava şəraiti mövsümdən asılı olmayaraq, özünə görə problemlər yaradır və məncə, lütf sayıla bilməz.
 
Hər zaman yayda avtobuslarda kondisionerlə bağlı problemlər yaranır, qışda Bakı sakinlərinin mənzilləri tez-tez qazsız qalır, payızda güclü yağış əhali üçün ciddi problemlər yaradır və yazda... Az və ya çox dərəcədə bahar xeyir və lütf sayıla bilər.
 
Bu gün payız haqqında danışmaq istərdim. Bu fəsil hələ öz dövrünə hakim olmayıb, avqustdur, buna baxmayaraq bugünkü selləmə yağış payızın elə də uzaqda olmadığını göstərdi.
 
Beləliklə, Bakıda yağış yağmağa başladı. Bəlkə də bu cümlədən sonra yazıya nöqtə qoya bilərdik. Belə ki, Bakı sakinləri bu şəhərdə yağış və təbii fəlakət arasında uzun müddət davam edən bərabərlik işarəsinin mövcud olduğunu yaxşı bilirlər. Amma, yenə də bu gözəl havaya hörmətimizdən dolayı bəzi məqamları demək qərarına gəldik.
 
İldən-ilə hər dəfə, hətta adi bir yağışdan sonra (biz hələ sel barədə danışmırıq) Bakının əsl Venesiyaya çevrildiyini söyləyirik, yazırıq, tənqid edirik (ancaq mahnı oxumaq və rəqs etmək qalıb). Paytaxt küçələrində praktik olaraq heç bir gölməçə qalmayıb, yoxdur, onların hamısını dərin çaylar əvəz edib.

On illərdir ki, şəhər rəsmiləri qlobal bir problemin öhdəsindən gələ bilmirlər: yağış suyunun axmalı olduğu kanalizasiya sistemi yoxdur. Razılaşın ki, şəhərimizdəki drenaj sistemi Bakı Şəhər İcra Hakimiyyətinin məmurları kimi işləyir, yəni işləmir.
 
Koronavirus azlıq edirdi ki, indi də yay yağışı əsəbi gərilən vətəndaşlar üçün problem yaratdı. Yeri gəlmişkən, ölümcül virus tədricən geri çəkilir və əminik ki, bir gün islah ediləcək, ancaq Bakının kanalizasiya sistemindəki problem əbədi olaraq bizimlə qalacaq.
 
Bəzən düşünürəm ki, bu məsələni gecə-gündüz xalqımızın qeydinə qalan deputatlara həvalə edək? Qoy, onlar bu cddi problemin həllinə girişsinlər. Yox, kanalizasiya sisteminin düzgün işləməsi barədə danışmıram. Dedim axı, bu problemin həlli yolu yoxdur. Bəlkə deputatlar Azərbaycanda hər növ yağıntıları qadağan edən qanun qəbul etsinlər? Bəlkə də bəzilərinə bu cəfəngiyat kimi görünəcək, amma "xalqın qulluqçuları" bundan daha absurd məsələləri da müzakirə ediblər. Bu, nədir ki?
 
Zəmanəsinin mütəfəkkirlərindən biri sağlamlıq üçün universal bir resept hazırlamışdı: "Ayaqlarınızı istidə, başınızı soyuqda saxlayın və bütün həkimləri işsiz qoyacaqsınız". Bu sözlərin Bakı sakinlərinə heç bir aidiyyəti yoxdur, çünki payız ayaqqabılarında "şəhər çayı"na girmək və ayaqlarını islatmamaq mümkün deyil. Əgər ayaqlarınız islanarsa, onda başınız şəhər rəhbərliyinin yarıtmaz işindən qaynayır.
 
Təbii ki, bütün bu "həyatda olan xırda şeylər" İtaliya və ya Avstriya ayaqqabılarında gəzən şəhər rəsmilərini narahat etmir. Onsuz da onlar günün çox vaxtını küçədə yox, ya şəxsi avtomobillərdə, ya da rahat ofislərdə keçirirlər.
 
Yenə də inanıram ki, Bakının bu əbədi problemini ən qısa zamanda həll etmək mümkündür. Bunun üçün paytaxt İcra Hakimiyyətinin bütün bürokratik heyətinin bu fotoşəkillərin çəkildiyi Xətai rayonu, Xocalı prospekti boyunca gəzişməsi kifayətdir. Təəssüf ki, dediklərim fantaziyadan başqa bir şey deyil.
 
Buna görə, yalnız bir xahişlə şəhər rəhbərliyinə müraciət etməliyik. Qabaqdan payız gəlir və Milli Məclis hələ də yağıntıların qadağan olunması barədə qanun qəbul etməyib. Buna görə də sıravi vətəndaşa rezin çəkmələr, akvalanqlar və üzgüçülük üçün nəzərdə tutulan bütün vasitələrin verilməsini təmin edin. Yaxşı olar ki, pulsuz. Axı unutmayın ki, orta statistik azərbaycanlının maaşı da elə orta statistikdir.
 Fotoları təqdim edirik






Müəllif: Fed Bakinski   
Tarix: 17-08-2020, 15:48
Xəbəri paylaş



Xəbər lenti