İstəməzdik ki, əhalinin asanlıqla istifadə etdiyi ictimai çimərlyin yerində, girişi hamı üçün açıq olmayan obyekt peyda olsun Azərbaycanda dəniz sahillərinin oliqarxlar tərəfindən ələ keçirilməsi davam edir. Bunu, hətta, hakimiyyət nümayəndələri də etiraf edirlər. Hökumət rəsmilərinin sözlərinə görə, ölkədə dəniz sahillərinin işğalına qarşı davamlı mübarizə aparılır
2015-ci ilin dekabr ayında Azərbaycanda Xəzər dənizinin sahil zonasına (20-50 m) daxil olmağa qanunsuz məhdudiyyət qoyulmasına görə cərimələrin tətbiqi ilə bağlı yeni qaydalar müəyyən edildi. Yeni qaydalara görə, torpaq sahələrinin çəpər və ya digər vasitələrlə müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan bağlanmasına görə fiziki şəxslər 3000 manat cərimə olunurdu. 2019-cu ilin iyul ayında Xəzər sahillərində torpaq sahələrinin qanunsuz hasarlanması üçün cərimənin məbləği 40 min manata qaldırıldı.
Amma cərimələrin miqdarının artması heç də dəniz sahillərinin ələ keçirilməsinə mane olmur. Mediada yayılan məlumatlara görə, oliqarxlar çimərlikləri ələ keçriməkdə davam edir və dəniz sahilillərində özləri və övladları üçün villalar və dəbdəbəli saraylar tikməyə davam edirlər.
Bu mövzuda sonuncu həyəcan siqnalı Nardarandan gəldi. Sosial şəbəkə istifadəçilərindən biri Nardarandakı ictimai çimərliyin ərazisinin dəmir hasarla bağlandığı əks olunan bir video yaydı. (https://media.az/society/1067786093/territoriyu-nardaranskogo-plyazha-ogorodili-lyudyam-zapreschayut-spuskatsya-k-moryu/ ).
AYNA çimərlikdə çəpərləmə işlərinin hansı məqsədlə həyata keçirildiyini öyrənməm məqsədilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) sosial-iqtisadi proqnozlaşdırma şöbəsinə müraciət edib. Şöbənin əməkdaşı Gülsabah Muradova deyib ki, çimərlik koronavirus pandemiyasının yayılması ilə əlaqədar hasarlanıb.
“Yalnız müəyyən sayda insanın çimərliyə girməsinə icazə veriləcək. Bu, infeksiyanın yayılmasının qarşısını almaq üçün edilir ”, - deyə RİH rəsmisi bildirib.
Ancaq bizimlə söhbətdə İcra Hakimiyyətinin Nardaran kəndi üzrə nümayəndəsi Vüqar Əsədov qeyd edib ki, çimərlikdə yaxt klubun yaradılması planlaşdırılır.
Çox ümid edirik ki, Nardaranda çimərlik ərazisnin çəpərlənməsi həqiqətən pandemiya ilə mübarizə məqsədi ilə aparılır. İstəməzdik ki, bir müddətdən sonra Nardarandakı bütün əhalinin asanlıqla istifadə etdiyi ictimai çimərlyin yerində, girişi hamı üçün açıq olmayan yaxt klub peyda olsun.
Tarix: 9-08-2020, 22:39