Bakının bəzi çimərlikləri pandemiyadan sonra da infeksiya mənbəyi ola bilər 3 avqust 2020-ci ildə Nazirlər Kabineti yanında Operativ Qərargahın (OQ) brifinqində çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyev Azərbaycanda pandemiya şəraitinə cavab verən çimərliklərin vahid reyestrə daxil edildiyini söylədi. Bildirdi ki, insanlar xüsusi vebsayt vasitəsilə istədikləri çimərliklərə gedə biləcəklər.
“Çimərliyi ziyarət etmək üçün xüsusi icazə yoxdur və hər kəs çimərliyə gedə bilər. Bu portal heç bir icazə almaq üçün nəzərdə tutulmayıb. Bu sayt sadəcə çimərliklərin tutumu və digər xüsusiyyətləri barədə məlumat verəcək”, - dedi Ülvi Mehdiyev.
Bir sözlə, Prezidentin köməkçisi Şahmar Mövsümovun Qərargahının son brifinqlərindən birində “çimərliklərin açılmasının təhlükəli nəticələrli ola bilər” açıqlamasına baxmayaraq, OQ qərarını dəyişdirdi. Mövsümov çimərliklərin açılmasının çox riskli olduğunu qeyd etmişdi.
Burada qeyd edilməsi lazım olan üç məqam var: Birincisi, böyük izdihamın içərisində insanlar sosial məsafə saxlaya bilməyəcəklər və bu, yoluxmaların sayının artmasına səbəb olacaq. İkincisi, oradakı insanlar öz yeməklərini və sularını alaraq, ümumi əşyalardan istifadə edirlər, bu da risklidir. Üçüncüsü, problem şəhərin müxtəlif yerlərindən gələn vətəndaşların eyni çimərliklərə üz tutmasıdır ki, bu da virusun digər ərazilərin sakinlərinə ötürülməsi riskini artırır.
Göründüyü kimi, bəzi dövlət məmurları çimərliklərin açılmasından ciddi narahatdırlar. Lakin təhlükə mənbələrini sadalayarkən, yuxarıda qeyd olunanların hamısından heç də az təhlükəli olmayan daha birini qeyd etməyi unudurlar.
Diqqətə çatdıraq ki, Kürdəxanı və Zirə kəndlərində kanalizasiya sistemi olmadığına görə, kanalizasiya tullantıları dənizə axıdılır. Nəzəra alaq ki, bu kəndlərin çimərlikləri paytaxt sakinləri və qonaqlar arasında çox populyardır.
Yeri gəlmişgən, 5 may 2020-ci ildə İsveç Krallığı Texnologiya İnstitutunun əməkdaşları çirkab sularının analizi ilə bağlı bir maraqlı hesabat dərc etdilər. Təhlilə görə, Stokholmdakı çirkab sularında koronavirus infeksiyasının aydın izləri vardı. Alimlərin fikrincə, koronavirus infeksiyası xəstə vətəndaşların ifrazatları ilə birlikdə kanalizasiyaya daxil olub.
İndi, çimərliklərin hamı üçün açılması xəbərinin fonunda, AYNA Kürdəxanı və Zirə kəndlərindəki çirkab su probleminin həll olunub-olunmadığını öyrənmək qərarına gəlib və bu kəndlərin bələdiyyələri ilə əlaqə saxlayıb.
Danışdığımız hər iki kəndin bələdiyyələrindən, bu yaşayış yerlərindən çirkab sularının dənizə tökülməkdə davam etdiyini söyləyiblər. Yəni, bu çimərliklərə gedən insanlar sosial məsafə saxlasalar və bütün digər qaydalara əməl etsələr belə, koronovirusa yoluxma riski kifayət qədər yüksəkdir.
Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə AYNA-ya bildirib ki, yoluxmanın əsas təhlükəsi virusu digər insanlara ötürə biləcək çimərliklərdədir: “Lakin dənizə atılan koronavirus xəstələrinin ifrazatından yoluxma təhlükəsi də mövcuddur. Və bu təhlükə o birilərindən heç də az deyil”.
Tarix: 8-08-2020, 21:56