Abşeron rayonu Masazır kəndinin bir qrup sakini Masazır Bələdiyyəsinin fəaliyyətindən şikayətçidir.
Bu barədə kənd sakinləri Busaat.az-a özləri şikayətlərini bildiriblər.
Kənd sakinlərinin sözlərinə görə, bələdiyyə zibil pulu yığır, ancaq zibili yığmır:
“Son zamanlar küçələrimizdən üfunət iyindən dayanmaq mümkün deyil. Buna səbəb isə həftələrlə zibillərin ərazidən daşınmamasıdır. Masazır Bələdiyyəsinin əməkdaşları hər ay qapı-qapı düşüb hər evdən 4 manat yığırlar ki, zibili gəlib evinizin yanından həftədə 3 dəfə aparacağıq. Pul almaq Masazır Bələdiyyəsi üçün nə qədər asan olsa da, öhdəliklərini yerinə yetirmək bir o qədər müşkülə çevrilib”.
Şikayətçilərin sözlərinə görə, dəfələrlə bələdiyyə ilə əlaqə saxlasalar da, məsələ öz həllini tapmayıb:
“Bu gün Masazır Bələdiyyəsi ilə əlaqə saxladıq. Bizə Bələdiyyənin Baş mühasibi cavab verdi. Bildirdi ki, Bələdiyyə bir özəl şirkətlə müqavilə bağlayıb, zibili də onlar aparmalıdırlar. Bir sözlə, məsuliyyəti boynundan atdı. Bildirəndə ki, bu məsələnin əhaliyə heç bir dəxli yoxdur və ərazidən zibilin daşınması biləvasitə Bələdiyyənin vəzifəsidir, Masazır Bələdiyyəsinin Baş mühasibi özündən çıxdı. Hətta bu problemi mətbuat vasitəsi ilə ictimailəşdirməyə çalışacağımızı bildirməyimiz də Bələdiyyə rəsmisini sakitləşdirə bilmədi. “Gedin nə bilirsiniz edin” – cavabı bu oldu”.
Redaksiya olaraq adı gedən qurumun mövqeyini də dərc etməyə hazırıq.
Tarix: 7-08-2020, 13:32