"Pandemiyadan zərər çəkənlər yalnız ölkə daxilində yaşayanlar deyil, həmçinin xaricdə təhsil alan Azərbaycan vətəndaşlarıdır. Onların bəzilərinin xərcləri dövlət proqramları vasitəsilə qaşılansa da, əksəriyyəti özlərinin və valideynlərinin hesabına oxuyurlar. Xaricdəki tələbələr bir qayda olaraq işləyərək qazandıqları ilə yaşayış və təhsil xərclərini ödəyirdilər. Hazırda iş yerlərinin ixtisarı onların bir çoxunu çıxılmaz vəziyyətə salıb. Ölkə daxilində aztəminatlı tələbələrin təhsil haqlarının ödənilməsi üçün büdcədən 40 milyon manat ayrılsa da, xaricdə təhsil alanların hazırkı çətin durumu hələ də höküməti qayğılandırmır. Bunu dünəndən başlayan büdcə müzakirələri də göstərdi. Təəssüf ki, bu barədə nə hökümət nümayəndələri, nə də Milli Məclis üzvləri danışmadı".
Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.
Q.İbadoğlu bu istiqamətdə təkliflərini irəli sürüb: "Təklif edirəm ki, hazırda Milli Məclisdə müzakirə olunan dövlət büdcəsi və ya Neft Fondunun büdcəsindən xaricdə öz hesabına təhsil alan aztəminatlı ailələrin övladlarının pandemiya müddətində təhsil haqlarının ödənilməsinə vəsait ayrılsın. Dövlət büdcəsindən və ya Neft Fondundan 10 milyon manat ayrılarsa bu xaricdə çətin vəziyyətdə qalan azərbaycanlı tələbələr üçün əhəmiyyətli maddi dəstək ola bilər. Pandemiyaya görə qoşulmayanlara, ÜST-yə, 30-dan çox inkişaf etməkdə olan ölkələrə, partlayışa görə Livana bütövlükdə 10 milyonlarla dollar yardım edən Azərbaycan nədən xaricdə təhsil alan və çarəsiz durumda qalan vətəndaşlarına kömək etmir?"
Tarix: 6-08-2020, 08:09