Dünən müğənni Niyam Salaminin açıqlaması sosial şəbəkələrdə gündəm olub. Sənətçi xüsusi karantin rejiminin uzadılmasına etiraz olaraq video çəkib İnstaqram səhifəsində paylaşıb. Sərt karantin səbəbindən sosial şəraitinin ağırlaşdığını, dolana bilmədiyini deyən müğənninin fikirləri birmənalı qarşılanmayıb. Onu dəstəkləyənlərlə yanaşı, sərt tənqid atəşinə tutanlar da az deyil.
Siam.az xəbər verir ki, həmin videonu izlədiyini deyən sosioloq-alim Əhməd Qəşəmoğlu deyib ki, müğənninin səsləndirdiyi fikirlərin məntiqi əsası yoxdur.
Çünki o xalqı etiraza çağırır:
“Kimdən nə tələb edir? Sabah icazə versinlər toy olsun? Müğənnilərin əsas dərdi odur ki, toy yoxdur, pul gəlmir. Fərz edək ki, həlledici insanlar bizik. Neyniyək? Toylara icazə verək? Mən karantinin uzadılmasının tərəfdarı deyiləm. Amma ölkədə ictimai qınaq mexanizmi yaradılmalıdır. Qaydalara əməl etməyənlər üçün maarifləndirmə işləri aparılmalıdır.
Ona görə ki, insan ehtiyat edib, küçəyə maskasız çıxıb, kiminləsə qucaqlaşıb, öpüşə bilməsin. O cəhətdən karantin uzanmasın, çünki çox problem ortaya çıxa bilər. Deyək ki, müğənnilərə qulaq asdıq. Lap toya icazə versinlər. Şəxsən mən ən yaxın adamım çağırsa da, toya getmərəm. Yəni əksəriyyət belə edər. Bunların tələb etdikləri absurddur, mənasızdır”.
Ə.Qəşəmoğlu hələ aylar öncəsindən verdiyi müsahibələrdə sənət cameasına xəbərdarlıq etdiyini də vurğulayıb:
“Dedim ki, xanəndələr, müğənnilər, musiqiçilər bilməlidir: “Artıq şou dövrü bitdi!. Əvvəlki kimi olmayacaq! İndidən hərə öz qabiliyyətinə uyğun iş axtarsın. Kimisi ağıllıdır “Youtube”də kanal açıb, ordan pul qazanır.
Bəziləri kolleclərdə, universitetlərdə musiqi müəllimi işləyir. Eləsi də var bizneslə məşğuldur. Amma şou-biznes əhli xəyallarla yaşayır. Fikirləşilər ki, Mirzə Cəlilin təbirincə desək: “Bəlkə də qaytardılar”. Amma olmayacaq, qayıtmayacaq. Azərbaycanda həmin şou dövrü bitdi!.
Ona görə hamı indidən başına çarə qılsın. Yoxsa camaatı nəyə səsləyirsən? İnsan çağırış etməzdən öncə düşünməlidir”/sherg.az/
Tarix: 5-08-2020, 17:27