“Beş-altı evləri var, satıb dolansınlar” – Hafiz Hacıyev


Azərbaycanda koronavirus epidemiyasına görə kütləvi mərasimlər, o cümlədən toylar təxminən 5 aydır ki, qadağan edilib, kafe və restoranlar işləmir. Avqustun 5-də sərt karantin rejimi yumşaldılsa da, kütləvi tədbirlərin keçirilməsinə qoyulan qadağa qüvvədə qaldı. Bu isə qazancı toylardan çıxan sənət adamlarının etirazına səbəb olub. Onların bəzisi "5 aydır heç nə qazanmadıqlarını" dilə gətirərək etiraz edirlər.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev etiraz edən məşhurların mövcud vəziyyətlə barışmalı olduğunu qeyd edib:
“Açığı, karantinlə əlaqədar bəzən düzgün olmayan qərarlar qəbul edirlər. Marketlər açılır, amma dərzilər, paltar mağazaları açılmır, halbuki o mağazalara gündə beş-on nəfər gedir. Supermarketlərə gündə minlərlə insan daxil olur, heç ara məsafəsi də qorunmur. Bir şadlıq sarayında yüzlərlə işçi çalışır. Onların fəaliyyətini dayandırıb, evə doldurmaqla olmur, onlar da ac qalır axı. Qaldı ki, bəzi imkanlı insanlara, müğənnilərə toylar olmasaydı onlar 200 minlik “Range Rover” sürə bilməzdilər. Dözməliyik, bu bütün dünyada gedən prosesdir. Dövlət nə edirsə, xalqdan ötrü edir ki, yoluxma sayı artmasın. Müğənnilər də bir az dözməlidir. Apasınlar maşınlarını satsınlar, çörək yesinlər. İndi biz bunları deyəndən sonra düşəcəklər üstümüzə ki, belə dedilər, amma hamını nəzərə almalıyıq”. 
Partiya sədri qeyd edib ki, Azərbaycanın inkişafını istəməyən qüvvələr var, onların mövcud vəziyyətdən yararlanmasına imkan vermək olmaz:
“Bu xalq, dövlət bizimdir. Bəzi əngəl yaratmaq istəyən qüvvələr var və bu qara qüvvələr belə şeylərdən istifadə etmək istəyirlər. Gərək onların əllərinə fakt verməyək, bu baxımdan bir az dözmək lazımdır, səbirli olmaq lazımdır. Ölkə prezidenti ağıllı insandır, hər şeyi düşünür, hesablayır. Düşünürəm ki, Nazirlər Kabinetinin növbəti iclasında bunlar nəzərə alınacaq. O etiraz edən müğənnilər belə çıxır ki, əldəyməz insanlardır, ömürlərinin axırına qədər firavan yaşamalıdırlar? Gündə qara ikra, qırmızı ikra yeməlidirlər? Nə olar, onlar da Azərbaycan xalqının bir parçasıdır. Ayda 200-250 manat alan müəllim, həkim necə dözür? Neçə aylardır işsiz qalan günəmuzd işləyənlər necə yaşayırlar? Onları da nəzərə almalıdırlar. Hamımız bilirik ki, vəziyyət gərgindir, insanların maddi vəziyyəti yaxşı deyil. Biz müharibə şəraitində yaşayan ölkəyik, buna da dözüb, yola vermək lazımdır. Bizim hörmətli müğənnilərimiz də fikirləşməlidirlər ki, eybi yoxdur, ilin 12 ayı işləyiblər, 3-4 ay da büdcələrində olan pullardan yesinlər. İki maşın əvəzinə birini sürsünlər. xarici dövlətlərə səfərə getməsinlər, 4-5 ay da dözsünlər. Hamımız o vəziyyətdəyik. Bundan sui-istifadəyə yol vermək olmaz. Belə vəziyyətdən istifadə edən qüvvələr var. Millətin zəif damarından tutub müəyyən işlər görə bilərlər, biz buna imkan verməməliyik. Burda da mikrofon tutub zırıldayanlardan istifadə edə bilərlər. Məncə, Firuzə İbadova kimi korifey bir müğənni bunu etməz. Hətta ac da qalsa, bunu abırına, ismətinə sığışdırıb etməz. Məsələn, Cavanşir Məmmədov etməz. Çünki onlar vətənini, millətini sevən insanlardır. Amma bu danışanların hərəsinə 5-6 ev veriblər, hər nazir keçirdiyi əyləncədə bi ev verib. Onların iki-üçünü satsınlar, dolansınlar, dünyanın axırı deyil ki”.
Tarix: 5-08-2020, 12:49
Xəbəri paylaş



Xəbər lenti