Karantini necə dəyərləndirdim – UĞUR DÜSTURU


Karantini necə dəyərləndirdim –             UĞUR DÜSTURU
Heç bir qadağanın azadlığınızı, zəhmətinizi, enerjinizi sizdən almasına icazə verməyin!
 
Karantin elan olunandan bütün işlərim dayandı. Təkcə, yazı işlərim (müxtəlif media qurumlarına yazdığım köşə yazıları və digər materiallar) indiyə qədər davam edib ki, bu, mənim enerjimi az aldığı üçün çox da qane etmir. Həftədə bir-iki yazı yazıb qalan bütün vaxtımı evdə boş keçirmək təbiətimə ziddir. Naşükürlük olmasın, adamların bir çörək almağa maddi imkanı olmadığı vaxtda, bütün işlərdən məhrum qalıb çətin vəziyyətə düşdüyü bu karantin dövründə mən evimin içində yazı yazıb çörəyimi qazanmışam. Bundan gileyim yoxdur. Amma telefonun USB yerinə əlimi qoyanda telefonun enerji yığdığı adamam mən, bu enerji xərclənməyəndə bədənimi parçalayır.
 
Həyata gözümü açandan işləmişəm. Toylarda tum satmışam, yol kənarında meyvə-tərəvəz satmışam, restoranlarda müxtəlif işlərdə işləmişəm, animator xidməti, el şənliklərinin təşkili və digər işlərdə çalışmışam. Ölkədə karantin elan edib mənim kimi adama "evdə otur" demək, ölümümə fərman verməkdir. Elə bu səbəbdən olsa gərək, karantinin elan olunmasından 3-4 gün keçmişdi ki, ard-arda keçirdiyim panik-ataklarla dəfələrlə xəstəxanaya qaldırıldım. İçimdə yığılan enerji və ətrafdan aldığım neqativ enerji, bəd xəbərlər, əsəb, stres, gərginlik, boşluq, təcrid və digər məsələlərə görə iki ay xəstə yatağından qalxa bilmədim. May ayının əvvəlinə qədər sinir sistemim günbəgün çökür, psixoloji narahatlıqlarım getdikcə şiddətlənirdi.
 
Nəhayət, çarəni doğulduğum yerə qayıtmaqda tapdım. Şələ-şüləmi yığışdırıb Lerikə, Talış dağlarının qoynuna, dünyaya göz açdığım kəndə gəldim. 3-5 gün gəzdim, dolaşdım, təmiz hava aldım, uzun-uzun düşündüm və qəfil, gözümə geniş bir torpaq sahəsi sataşdı. Elə öz həyətimizdə, evimizin önündə bomboş bir sahə... Bir neçə saniyə çəkdi və bir də gördüm ki, əlimdə bel, daraq, yaba var. Sahənin otlarını təmizlədim, şumladım, daraqladım, sıralar açdım və torpağın bağrına lobya, qarğıdalı, xiyar toxumları qoydum.
Günlərdir, həfətələrdir - artıq iki aydır ki, hər gün işləyirəm. Yer şumlayıram, lobyalarımın sarmaşması üçün məftillərə ip hörürəm, torpağını yumşaldıram, suvarıram. Amma enerjim bununla bitmirdi. Bununla bərabər “yenə nəsə etməliyəm” dedim və bu vaxt gözümə ağaclardakı meyvələr sataşdı, sonra da təsəvvürümdə meşələrdəki meyvələr canlandı. Bir də gördüm ki, bağımızın ağaclarındakı qırmızı alçaları kompot eləmişəm, meşələrdən böyürtkən yığıb mürəbbələr, kompotlar hazırlamışam, meşə alçalarını toplayıb turşu (palçıq turşusu) bişirmişəm, qurudub alça qurusu hazırlamışam, çaydan balıq tutub duza qoymuşam, üzümdən yarpaq yığıb bankalara düzmüşəm, bağdan pərpətöyün yığıb şoraba eləmişəm, kənddən litr-litr süd yığıb kəsmik, şor, pendir, qatıq, ayran, nehrə yağı əldə etmişəm. Bütün bunlarla yanaşı bir xeyli də cücə böyütmüşəm. 
İndi də meşədən böyürtkən və alça yığıram, bağı suvarıram, cücələrə dən verirəm, yeni yerlər tapıb qarğıdalı əkirəm, ağartı məhsulları hazırlayıram, alma dərib qax (alma qurusu) düzəldirəm, mürəbbələr, şorabalar, kompotlar hazırlayıram və s. Beləcə, işim bitmək bilmir və bu tükənməyən enerjimdən, ərsəyə gətirdiklərimdən, alnımın tərindən, əlimin qabarından, zəhmətimin bəhrəsindən həzz alıram, xoşbəxt oluram.
 
Heç bir qadağanın azadlığınızı, zəhmətinizi, enerjinizi sizdən almasına icazə verməyin! Həyatı alnın tərində, əlin qabarında, əzələlərin yorğunluqdan doğulan xəfif və şirin ağrısında hiss etmək nəhəng xoşbəxtlikdir…
Tarix: 4-08-2020, 16:41
Xəbəri paylaş



Xəbər lenti