Avqustun 5-dən sonra sərt karantin rejiminin yumşaldılması gözlənilir. İlkin yumşalmalar zamanı sərt karantin rejiminə görə bağlanan müəssisələrin açılması gözlənilir. Amma bununla yanaşı toyların keçirilməsi məsələsi də gündəmdədir. Azərbaycanda toyların keçirilməsinə nə zaman icazə verilə bilər?
Bununla bağlı KONKRET.az-a danışan deputat İlham Məmmədov bildirib ki, Operativ Qərargah tərəfindən mütəmadı olaraq görülən işlər, yoluxanların və sağalanların sayı barəsində məlumat verir: “İnsanlarımız gözləyir ki, avqustun 5-dən sonra sərt karantin rejimi yumşaldılacaq. Cənab prezident rayonlara səfəri zaman qeyd etdi ki, iyun ayındakı yumşalmalardan sonra bəzi insanların mövcud vəziyyətdən sui-istifadə etməsi nəticəsində yoluxanların sayı artdı. Sərt karantin rejimi artıq müsbət nəticəsini göstərməkdədir. Belə ki, yoluxanların sayı xeyli azalıb. Gündəlik sağalanların sayı yoluxanların sayından 2 dəfə çoxdur. Ancaq dünyada rekord həddə yoluxma və ölmə halları baş verir. Avropa ölkələrin bəziləri yenidən karantin rejiminə qayıtmaq haqqında düşünür. Hesab edirəm ki, Operativ Qərargah avqustun 5-nə kimi epidemoloji vəziyyəti, sağalanların, yoluxanların artma-azalma dinamikasını analiz edərək vəziyyətə uyğun düzgün qərar qəbul edəcək.
Epidemioloji vəziyyət dəyərləndirldikdən sonra insanların hərəkəti üçün yumşalmalara gedə bilər. Çünki yayın özünün insan orqanizminə müsbət təsiri var. Günəş şüallarında D vitamini var. Şərtlərə və qoyulan qaydalara əməl edərək yumşalmalara getmək olar. Lakin sərt karantin rejimi yumşalsa da, qaydalara riayət edilməsi məsələsi isə sərtləşdirilməlidir. Operativ Qərargah hər bir şərtləri, epidemioloji vəziyyəti müəyyən edərək yumşalma barəsində qərar verə bilər. Qoyulan qaydaların hər biri insan sağlamlığının qorunmasına hesablanıb”.
Deputat qeyd edib ki, yas mərasimlərində çox böyük kütləvilik var: “Bu yaxınlarında Bakıdan rayonların birinə yas mərasiminə gedən şəxs 45 nəfəri koronavirusa yoluxdurub. Bu, bizə lazım deyil. Hesab edirəm ki, toy mövsümünün açılması da indiki halda yoluxmanın artmasına səbəb ola bilər. Bundan əlavə, bilirsiniz ki, Qurban bayramından sonra Məhərrəmlik ayı gəlir. Məhərrəmlikdə bizdə insanlarımız toy mərasimlərini keçirmirlər. Ona görə də mən hesab edirəm ki, bizi qarşıda iki ay gözləyir. Bu müddət ərzində görülən işlər sayəsində yoluxanlar daha da azalar.
İnsanların qaydalara əməl etmək refleksi daha da möhkəmlənər. Bundan sonra müəyyən qaydalara əməl etməklə toyların keçirilməsinə icazə verilə bilər. Gənclərimizə arzuladığı formada ailə qurmasını arzu edirik. Çox gözləmədiyimiz halda gözlə görmədiyimiz düşmən bizə hücum etdi.
Ona görə də bir müddət biz müharibə şəraitində yaşamağa adət etməliyik. Mən bildiyim qədər bəzi gənclər ailə daxilində niklahlarını kəsdirib ailə qururlar. Toyların keçirilməsi üçün ilkin olaraq şərtlər müəyyənləşməlidir. Bilirsiniz ki, bizim toylarda həddindən çox sıxlıq və israfçılıq var idi. Operativ Qərargah iki ay ərzində toylarla bağlı qaydaları müəyyənləşdirsinlər ki, gənclərimiz qismən də olsa arzularını reallaşdıra bilsin. Toyların birdən-birə keçirilməsinə icazə vermək olmaz, Çünki bu yoluxmanı artıra bilər. Onun üçün də şərtlər və qaydalar müəyyənləşməlidir”.
Tarix: 1-08-2020, 14:59