Ən yeni tarix
Dərdin yekəsi
– Çay, ya süd? – deyə rəfiqəm öz qonaqpərvərliyini nümayiş etdirmək istədi. Elə bunu demişdi, mətbəxdən “Vay!” səsi gəldi.
Özümü köməyə çatdırdım. Qızı ayağa qaldıranda bilindi ki, ya qolu, ya da biləyi sınıb.
Maşınıma mindirib xəstəxanaya apardım. Hər şey qaydası üzrə baş verdi: rentgen, gips, təlimatlandırma. Televizorda bir “ziyalı” demişkən, “cəmi-cümi” 17 manat. Bu, Bakının deyil, başqa, kiçik şəhərin qiyməti idi.
30 gün keçdi. Həkimin dediyi kimi, gipsi açmaq vaxtı gəldi. Rəfiqəm başqa klinikaya getməyi qərara aldı. Bakıda. Zədəyə görə günah payımı “delete” etməkdən ötrü bir daha özüm apardım.
Həkim gips sarğını qayçı ilə karton kəsirmiş kimi yardı. Cəmi 10 manata. Rentgen 35 manata başa gəldi. Onun cavabına baxdıqdan sonra həkim alınmış qaşlarını çatdı:
– Sümük birləşib, amma …əyri.
– Bəs indi necə olacaq? – deyə xəstə həyəcanla xəbər aldı.
– Heç nə. Qorxusu yoxdur. Bir müddət yenə sarğılı gəzəcəksiniz. Gipssiz.
Sarğı 10 manat qiymətləndirildi. Əlbəttə, əlinə ağırlıq düşməsin deyə, rəfiqəmə heç yerdə ödəniş qəbzi verilmədi. Lakin bizi narahat edən bu deyil, “bir müddət” kimi qeyri-müəyyənlik idi.
Evə qayıdarkən, yolda rəfiqəm ehtiyatla xəbər aldı:
– Necə düşünürsən, əgər gipsi kəsdirmək üçün onu qoymuş həkimin qəbuluna getsəydim, deyərdimi ki, sümük əyri birləşib?
– Sənin zarafat etməyə halın da var?..
Həmin axşam zavallı qız telefonuma zəng vurdu:
– Həkimin dediyi kimi, sarğını açıb biləyimi ilıq suya saldım. Əvvəl bərk ağrı hiss etdim. Sonra gözlərim qaraldı. Huşumu itirdim, yerə necə yıxıldığımı bilmədim…
– İndi bütün dost-tanış ona öz məsləhətini verir. Məhəbbətlə, ürək ağrısı ilə. Və …pulsuz. Bəzən bir-birinə zidd olan tövsiyələrə, əlbəttə, əməl etmək mümkün deyil. Elə, sağlamlığını həkimlərə etibar etmək kimi.
Rəfiqəmi isə başqa dərd götürüb. Söyləyir:
– Bir də desələr ki, “Qəhrəman həkimlərimizə eşq olsun!”, mən tək əl ilə necə alqışlayacağam?
Xatirə Sadiq,
KONKRET.az
Tarix: 28-07-2020, 21:31