Beynəlxalq səviyyəli universitetlərin reytinq cədvəlləri hər il müəyyən olunur.Artıq 17 ildir ki, Harvard Universiteti reytinqlərdə birinciliyi saxlayır. Stenford Universiteti və Kembric Universiteti uyğun olaraq 2 və 3-cü yerdədir. İlk onluğa daxil olan digər universitetlər Massaçusets
Texnologiya İnstitutu (MIT), Berkli, Prinston, Oksford, Kolumbiya, Kaltek və Çikaqodur. Tehran Universiteti 301-400-cü, Təbriz Universiteti isə 901-1000-ci pillələr arasındadır.
Bəs Azərbaycan universitetləri niyə dünya reytinqində yer ala bilmir?Cebhe.info budəfəki araşdırmasında Azərbaycan universitetlərinin reytinq cədvəllərindəki yeri barədə məlumat verəcək.
Çinin Şanxay reytinq cədvəlinin ötən il üçün hazırlanan sıralamasında ilk onluğunda Azərbaycan universitetləri yer almayıb. Sıralama isə keyfiyyətli ali təhsil xidmətlərinə görə müəyyən edilib.
Bundan əlavə, "Quacquarelli Symonds” agentliyinin dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinin 2019-cu il üzrə ilk onluğunda Azərbaycan universitetləri yer almayıb.
“Quacquarelli Symonds” agentliyinin reytinq cədvəli müəyyənləşdirildiyi zaman ekspertlər təhsil müəssisələrini akademik göstəricilərinə, tələbələrin təhsil səviyyəsinə, işəgötürənlərin rəyinə və digər parametrlərə əsasən qiymətləndiriblər.
2019-cu ilin aprel ayında “Times Higher Education” tərəfindən açıqlanan reytinq sıralamasında, Azərbaycandan cəmi 1 ali təhsil müəssisəsi yer alıb. Həmin ali təhsil müəssisəsi Xəzər Universitetidir.
Avstraliyada yerləşən “UniRank” reytinq təşkilatı 2019-cu ilin yanvar ayında dünya universitetlərinin reytinqini açıqlayıb. 200-dən artıq ölkədə rəsmi qeydiyyatdan keçmiş 13 600 ali təhsil müəssisəsinin analizi nəticəsində aparılan reytinq sıralamasında Azərbaycan Dövlət İqtisad Umiversiteti (UNEC) dünya üzrə 610-cu yerə çıxıb. Bununla da, UNEC Azərbaycan universitetləri arasında 2019-cu ildə lider olub.
“UniRank” reytinq agentliyinin regional reytinq sıralaması olan “Asiyanın 200 ən yaxşı universiteti” sıralamasında da UNEC Asiyanın 122-ci ən yaxşı universiteti seçilib. UNEC Yaponiyanın (Kobe Universiteti), Çinin (Şanxay Maliyyə və İqtisad Universiteti), Türkiyənin (Boğaziçi Universiteti, Ankara Universiteti) və regionun bir sıra məşhur universitetlərini qabaqlayıb.
QS beynəlxalq reytinq təşkilatı dünya üzrə ali təhsil müəssisələrinin 2017-ci il üçün açıqladığı reytinqində Xəzər universiteti dünya universitetləri arasında 701-750 aralığında yerləşib və Azərbaycan universitetləri arasında 1-ci yeri tutub. QS təşkilatı dünyada fəaliyyətdə olan təxminən 26 000 universitet haqqında araşdırma aparıb. Həmin il Xəzər Universiteti dünya universitetləri arasında beynəlxalq tələbələrin qəbuluna görə 388-ci, müəllim-tələbə nisbətinə görə 339-cu, xarici müəllimlərə görə isə 253-cü yeri tutub. Qeyd edək ki, QS təşkilatı dünya universitetlərinin fəaliyyətini 6 əsas meyar üzrə qiymətləndirir. Bu meyarlar - akademik nüfuz, elmi məqalələrdən sitat gətirmə, müəllim-tələbə nisbəti, işəgötürənlər arasında nüfuz, xarici müəllimlərin və xarici tələbələrin sayıdır.
AzMİU 2019-cu ildə beşinci dəfə U-Multirank beynəlxalq reytinq sisteminə daxil olub. Avropa ekspertləri tərəfindən qiymətləndirilən AzMİU 6 göstəriciləri üzrə yüksək nəticə əldə edərək “B” kateqoriyasını alıb.
Qeyd etmək lazımdır ki, Azərbaycandakı universitetlər arasında yalnız Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Dövlət Universiteti bu reytinqə daxil olub.
QS reytinq agentliyi 2016-cı ildə Avropa və Mərkəzi Asiya regionu üzrə inkişaf etməkdə olan 30 ölkədən 500-dən çox universitetin sıralamasını açıqlayıb. QS reytinq agentliyinin inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralanmasında Azərbaycandan 6 ali təhsil müəssisəsi iştirak edib. Bu universitetlər Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti və “ADA” Universitetidir. Həmin ali məktəblərin adı ən yaxşı 200 universitet sırasına daxil edilib.
QS təşkilatı 2014-cü ilin dekabr ayında ilk dəfə olaraq QS Şərqi Avropa, postsovet ölkələri və Türkiyə də daxil olmaqla regionun 100 ən yaxşı ali məktəbini elan edib. Xəzər Universiteti 39,6 balla 100 ən yaxşı ali məktəb arasında 71-ci, Bakı Dövlət Universiteti 39,4 balla Çexiyanın Palaçki-Olomus universiteti ilə birlikdə 72-72-cü, Qafqaz Universiteti isə 38,5 balla 75-ci yerdə qərarlaşıb.
Bu il açıqlanan dünya azərbaycanlılarının universitetlərinin reytinq cədvəlində isə Bakı Dövlət Universiteti (BDU) 21-ci yerdə, “ADA” Universiteti 31-ci yerdə, Azərbaycan Dövlət İqtisad Universiteti 32-ci yerdə qərarlaşıb.
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 2019-cu ildə yenidən “Round University Ranking” (RUR Ranking) beynəlxalq reytinq sistemində dünya universitetləri arasında öz yerini tutub. AzMİU 43.131 balla 532-ci sırada, BDU 42.382 balla 543-cü sırada yer alıb. Azərbaycan universitetləri arasında AzMİU beynəlxalq RUR Ranking sisteminə daxil olan ilk universitetdir.
Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Azərbaycan universitetləri reytinq cədvəllərində çox zaman 100-lükdə də yer almır. Universitetlərimizin yer tutması isə hər bir reytinq sisteminin apardığı meyarlara əsasən dəyişə bilir.
Tarix: 24-07-2020, 11:22