"Mən 190 manat pulu bank kartından çıxarmamışamsa, bu o demək deyil ki, mənim ona ehtiyacım yoxdur".Bunu
Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi, iqtisadçı ekspert Əkrəm Həsənov Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümovun "190 manatı kartından çıxarmayanların kartını dövlət bloklayır və o pulu istifadə etməyə icazə vermir" fikrini şərh edərkən deyib. Vəkil qeyd edib ki, əgər belə bir qanunsa vardısa, o, əvvəldən açıqlanmalı idi:
"Şahmar müəllim bunu nəyin əsasında deyib, bilmirəm. Belə qaydanın olduğunu bilmirəm. Sual verirəm: 190 manat hansı müddətdə bank kartından çıxarılmalıdır? Bir gün, bir həftə, yoxsa bir ay? Əgər belə bir qanun varsa, əvvəldən deyilməliydi. Bank kartı bank hesabından istifadə alətidir. Əgər kimsə mənim kartıma pul keçiribsə, mənimdir. 190 manatı mənə borca verməyiblər ki, mənə veriblər. Son aylarda şahidi olduq ki, həmin kartı almaq üçün bankların qarşısında uzun növbələr vardı. Koronavirusa yoluxmağın ən asan yoludur. Xüsusən də qoca və yaşlı adamlar. Mənim tanıdığım adam var ki, virusa görə evindən qorxusundan çıxmayıb. Amma qonşudan borc alıb ki, vəziyyət düzələndə gedib dövlətin ona verdiyi pulu kartdan çıxaracaq və beləcə borcunu qaytaracaq. Mən 190 manat pulu bank kartından çıxarmamışamsa, bu o demək deyil ki, mənim ona ehtiyacım yoxdur".
Əkrəm Həsənov bildirib ki, belə olan halda vətəndaş məhkəməyə müraciət etməlidir:
"Karta kim blok qoyursa, o məhkəməyə verilməlidir. Əgər kartında pul varsa, bank onu vətəndaşa yalnız məhkəmənin qərarı varsa, verməməlidir. Heç bir dövlət orqanı banka deyə bilməz ki, vətəndaşın pulunu vermə".
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov "190 manatı kartından çıxarmayanların kartını dövlət bloklayır və o pulu istifadə etməyə icazə vermir. Niyə? Ona görə ki, bu ödəmələr birdəfəlik ödənişdir və ehtiyacı olanlara verilir. Vətəndaşın ehtiyacı olsaydı, onu vaxtında götürərdi. Götürməyibsə, deməli, bu pula ehtiyacı yoxdur, olsaydı, alıb xərcləyərdilər. Biz o pulu ona görə vermirik ki, onu karta yığsınlar", - deyə bildirib.
Tarix: 22-07-2020, 08:42