Onları körpünün altına yığıb, üstündən qatar keçirin – AXI NİYƏ?!


Onları körpünün altına yığıb, üstündən qatar keçirin –     AXI NİYƏ?!
Bu sınaqdan sonra onların kəsdiyi başa sorğu-sual olmayacaq...
 
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və get diyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.
 
Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”
 
Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
 
AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.
 
Bu gün Azərbaycanda virtual çayxanalara çevrilmiş sosial şəbəkələrdə ən tənqid edilən qurumun Nazirlər Kabineti yanında Operativ Qərargah olduğunu desək, yanılmarıq. Orada başda oturan kişilər hansı qərar qəbul edirlərsə, cəmiyyətdən mütləq bir nəfər çıxıb, onların etdiklərinə “mız” qoyacaq. İndi yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq, ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb.
 
Və bu xəbər çıxan kimi yenə də sosial şəbəkələr başladı, nə başladı. Biri dedi, “nəqliyyat işləməyəcək - icazəli işə necə gedəcəyik”, o biri dedi, “pal-paltar dükanları bağlı qaldı - nə geyinəcəyik”, üçüncüsü dedi ki, “iş yerləri açılmır - verilən 190 manatla bir ay nə yeyəcəyik” və sair. Mən hesab edirəm ki, bizim camaat bu Operativ Qərargahda işləyənlərə qarşı qərəzlidir, onları gözü götürmür. Axı niyə belə hesab edirəm? İzah edim.
 
Ay camaat! Axı bu insanlar verdikləri qərarları göydən götürmürlər, pəncərədən çölə baxıb, ağıllarına gələni yazmırlar. Qəbul edilən qərarlar dünya praktikasından “copy-paste” edilir, hesablamalar aparılır (ümid edirəm), yerli şərait nəzərə alınır (ümid edirəm), yalnız bundan sonra həftənin sonu sizlərə təqdim olunur. Siz də başlamısız ki, onlar orada oturub nə fikirləşirlər, niyə bizim vəziyyətimiz nəzərə almırlar, nə bilim, dəniz bağlıdırsa, D vitamini almırıqsa, payızda xəstəliklər artanda nə edəcəyik, maskanın qiyməti yerli istehsal olsa belə, niyə 30 qəpikdən düşmür, 190 manata necə dolanmaq olar, metro bağlanandan sonra avtobuslarda sıxlıq yaşanırsa, bu qərarın məntiqi nədir, niyə bizim seçdiyimiz millət vəkilləri cərimələrin bu qədər artmasına qərar verdilər, filan-filan...
 
Bəsdirin də! Niyə imkan vermirsiz, bu kişilər işləsin və xalqı başımıza gələn bu bəladan xilas etsinlər?! Ay balam, nə vermisiz bunlara ki, ala bilmirsiz? Bunlara nə verilibsə, dövlətin büdcəsindən verilib! Ondan sizə nə?!
 
Bir sözlə, etiraf edin ki, bu Qərargahdakı kişilər “Quran” ayəsinə tam uyğun bir qərar qəbul etsələr də, yenə də aranızdan kimsə çıxıb, tənqid edəcək. Mən bu söz-söhbətlərə birdəfəlik son qoymağın yolunu tapmışam və bu yolu cəmiyyətə və Qərargahda işləyənlərə təqdim və təklif edirəm. Düzdür, bu təklif mənim öz ağlıma gəlməyib – bu metodu vaxtı ilə çar dövründə Rusiyada, daha sonra bolşeviklər Azərbaycanda tətbiq ediblər. Və deyim ki, uğurlu nəticə əldə edildiyi üçün məni bu “copy-paste”ə görə yəqin, bağışlayarsınız.
 
1897-ci ilin martında Ob çayı üzərində ilk dəmiryolu körpüsü açıldı. Novosibirsk muzeyinin materiallarında deyilir ki, yeni körpünün üzərindən sınaq üçün, hərəsinin çəkisi 51 ton olan 4 parovoz buraxdılar. Yaxşı ki, sınaq uğurla keçdi. Əks halda körpünün altına zorla yığılan usta və fəhlələr canlarından olacaqdılar. Çünki, çar məmurları onlara “bu işə başınızla cavabdehsiniz” demişdilər.
Мосты через Куру — немые свидетели истории
Oxşar hadisə Kürün Ağstafa rayonu Poylu qəsəbəsi ərazisindən keçən hissəsində salınan körpünün açılışı zamanı da baş vermişdi. 1897-ci ildə inşa edilən körpü, bolşevik işğalında istifadə edilərək, Azərbaycana soxulan gürcü menşevikləri tərəfindən, onlar geri çəkilərkən yarıtmaz hala salınır. 20-ci illərin axırlarında dəmiryolu körpüsü tam qəzalı vəziyyətə düşür. Onu təmir etmək üçün Moskvadan bir yəhudi memar göndərirlər. Bolşeviklər, primitiv vəziyyətdə olan dəmiryolu körpüsünü az müddətə bərpa edən memara, işi təhvil almaq üçün ağır şərt qoyurlar: neft dolu sisternlər daşıyan qatar körpünün üzərindən keçərkən memar, arvadı və 3 övladı körpünün altında dayanmalı olurlar. Sınaq olduğundan, normadan bir qədər də artıq yüklənən qatarlar körpüdən keçir və körpü təhvil götürülür.
 
İndi mən də təklif edirəm ki, 31 avqustadək Operativ Qərargahda işləyən bütün vəzifəli şəxslərin maşınları alınsın, işə ya piyada, ya da “BakuBus”ın dolu avtobusları ilə getsinlər, evdən ancaq SMS-lə çıxsınlar, qalan vaxt qərarlarını evdən onlayn versinlər. Maaşları kəsilsin və onlara 190 manat müavinət (əgər adlarında maşın, rayonda illərlə suvarılmayan pay torpaq yoxdursa) verilsin ki, bu pula bir ay ərzaq və dərman alsınlar, kommunal xərcləri ödəsinlər, 1 ədədi 30 qəpikdən maska alsınlar, bank kreditlərini ödəsinlər. Bir ay dənizə, hovuza getməsinlər, rayonlara səfər etməsinlər, 5 nəfərdən artıq adamla bir yerə yığışmasınlar – yəni bu xalqla bağlı verdikləri bütün qərarları öz üzərlərində sınaqdan keçirsinlər.
 
Əgər bütün bunlardan sonra, sentyabrın 1-də koronavirusa yoluxmadan, acından birtəhər olmadan, arıqlamadan, evdə qalmaqdan əsəb xəstəsi olmadan işə çıxa biləcəklərsə, onda deməli, bayaq qeyd etdiyim kimi, insanların onlara qarşı qərəzli olduğunu sübuta yetirmiş olacaqlar. Və belə sübutdan sonra daha onların kəsdiyi başa da sorğu-sual olmayacaq. Necədir? Razısız üstündən qatar keçən körpünün altında dayanmağa?
 
P.S. Sınaqdan çıxan hər iki körpü 120 ildən artıq davamlı şəkildə işlədi...
Müəllif: Yoldaş Mircəfər 
Tarix: 20-07-2020, 10:15
Xəbəri paylaş



Xəbər lenti