"Əgər karantin rejiminin avqustun əvvəlinə qədər uzadılması qərarı verilsə, "- İqtisadçı etiraz edir

  


"Əgər karantin rejiminin avqustun əvvəlinə qədər uzadılması qərarı verilsə, "- İqtisadçı etiraz edir

İqtisadçı Natiq Cəfərli yazır, əgər karantin rejiminin avqustun əvvəlinə qədər uzadılması qərarı verilsə, bu ən absurd, ən mənasız qərar olacaq, iqtisadiyyatın tabutuna son mismarları
vuracaqlar, vətəndaşların sosial-psixoloji vəziyyətini kritik həddə çatdıracaqlar.


Dünən Şahmar müəllim Operativ Gərargahda məsələnin müzakirə edildiyini və bu yöndə qərar alındığını söylədi, amma yenə də Gərargahın tam siyahısını açıqlamadılar – kimdir onlar, necə və nəyə əsasən qərar verirlər, hansı modellərdən istifadə edirlər?! Bəzi məlumatlara görə Gərargaha xaricdən mütəxəssislər dəvət ediblər – kimdir onlar, hansı ölkələrdəndir, onlara nə qədər maaş, və ya qonorar verirlər?! Əgər xaricdən gələnlərin fikirləri əsas götürülürsə, bu da absurddur – onların nə vecinə ki, iqtisadiyyat necə olacaq, vətəndaşın sosial vəziyyəti nə günə düşəcək, onlar pullarını almaq üçün karantin rejimini lap il sonuna qədər də uzatmaq istəyə bilərlər, nədi, indi onların dedikləri ilə oturub-duracaqlar?! Anlayıram, məmləkəti o günə qoyublar ki, mütəxəssis qıtlığı var, güvənsizlik var, amma bu qədər də yox da! Hansı ölkədə karantin rejimi 5 ay olub? Bir misal çəkə bilərlərmi? Bizim məmurlar niyə anlamırlar ki, karantin rejimi virusla mücadilədə ancaq zaman qazanmaq, səhiyyə sistemini hazırlamaq üçün nəzərdə tutulub və cəmi 2-3 ay civarında effektli olur. Yəni, bu 2-3 aya hökumət səhiyyə sistemini hazırlaya bilmədimi? Bilməyibsə, buna cavabdeh olanlar niyə rədd edilmirlər vəzifələrdən?! Biliblərsə, nədən bu absurd karantin rejimini uzadırlar?!

Biznes çöküb, yüzminlərlə işsiz insan var, vətəndaşa normal maddi dəstək olunmadı, aprel-may ayında 600 min nəfərə ödənilən 190 manat iyunda cəmi 290 min nəfərə ödənildi, indi də iyul bitir, avqustun əvvəlinə qədər də bu məntiqsiz qaydalar davam edir, yaxşı, nə etsin vətəndaş?! Hökumət anlamadımı ki, o gecə Bakı küçələrinə çıxan onminlərlə vətəndaşın şüuraltı tələbi və qəzəbi məhz işsizlik, pulsuzluq, karantin rejimi ilə bağlı idi?! Qarabağ, qəhraman generalımızın, zabit və əsgərlərimizin Şəhid olması, sadəcə prosesi tətikləyən məsələ oldu, insanların küşələrə çıxmasının əsas şüuraltı səbəbi məhz sosil-iqtisadi problemlər, karantin rejiminin gətirdiyi psixoloji gərginlik idi.

Olmaz belə, yay bitir, insanların immun sistemi evdə oturmaqdan çökür, daha pis, qorxulu xəstəliklərə zəmin yaranır, cəmiyyətin psixoloji durumu ağırlaşır, sosial, iqtisadi vəziyyət pisləşir – bu virusdan daha ağır və qorxulu nəticələr doğura bilər, ona görə də, mənasız karantin və SMS rejimi dərhal yığışdırılmalı, addım-addım iqtisadi fəaliyyət bərpa edilməlidir. Vətəndaşlarımız indi daha bilgilidir – artıq qapalı məkanlarda hər kəs maska taxır, fiziki məsafə gözləyir, daha nə istəyirsiniz?! Bunu təşviq edərək, bilgiləndirməni və təbliğatı artıraraq karantini ləğv edin! Məmləkət üçün daha böyük problemlər yaratmayın!
Natiq Cəfərli
Teref.az
Tarix: 18-07-2020, 09:48
Xəbəri paylaş



Xəbər lenti