Yolu zəbt edib uşaq meydançasını ələ keçirdilər -şikayət



Sakinlər Səbayel Rayon İcra Hakimiyyətinə qarşı iddialarında qanunsuz inşa olunmuş dəmir hasarın sökülməsini tələb edirlər

Səbayel rayonu, Xanlar küçəsindəki 2 saylı binanın yolu zəbt olunub. Sakinlər baş verən qanunsuzluğun qarşısının alınması üçün Səbayel Rayon Məhkəməsinə iddia ərizəsi veriblər. Eyni zamanda ölkə rəhbərliyinə, dövlət qurumlarına müraciət etməklə baş verən qanunsuzluğun aradan qaldırılmasını istəyiblər. Sakinlər Hüseyn Hüseynov, Ramin Əvəzov, Həqiqət Quliyeva, Nigar Şahbazova, Nigar Qafarova cavabdeh Hüseyn Hacıyev, Azəri Yusifzadə  və Səbayel Rayon İcra Hakimiyyətinə qarşı iddialarında ümumi istifadədə olan zəbt olunmuş torpağın azad olunması, qanunsuz inşa olunmuş dəmir hasarın sökülməsini tələb edirlər.
Redaksiyamıza ünvanlanan şikayətdə vətəndaşlar təcili tədbirlərin görülməsini xahiş edirlər: “Yaşadığımız binanın ümumi avtomaşın yoluna giriş-çıxışı və əks tərəfə giriş çıxışı var. Binanın ümumi avtomaşın olmayan yoluna olan tərəfdə boş torpaq sahəsi vardır və onun yanında 2 köhnə tikili yerləşir. Boş torpaq sahəsi ümumi istifadədə olan və gediş-gəliş yolu üçün istifadə olunan torpaq sahəsidir. Bir müddət əvvəl həmin torpaq sahəsi tikililərlə birlikdə dəmir hasara alınıb. Torpaq sahəsinin cavabdehlər tərəfindən dəmir hasara alınması tamamilə qanunsuzdur, çünki cavabdehə məxsus olmasına dair hüquq müəyyənedici sənəd yoxdur. Bu hal qonşular tərəfindən həmin torpağın öz hesablarına abadlaşdırılması və bina sakinlərinin asudə istirahətinin təmin edilməsi, uşaqların oynaması üçün meydança qurulması üçün yer düzəltmək niyyətini bildirməsindən sonra baş verdi. Bir gecənin içində ərazi hasarlandı. Bu gün dəmir hasarla binanın arasında təqribən 2 metr məsafə var. Belə anlaşılır ki, ərazidə tikinti norma və qaydalarına zidd olaraq tikinti aparılması planlaşdırılır”.
Redaksiyamıza ünvanladıqları məktubda vətəndaşlar qeyd edirlər ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən, ictimai yaşayış və tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab olunur.
Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması, yəni zəbti qanunla qadağan olunur. Zəbt edilmiş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi, orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2 maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Beləliklə istər həmin dəmir hasar, istər torpaq zəbti qanunsuzdur və qanunla birbaşa qadağan olunur.
Vətəndaşlar qeyd edir ki, baş verən qanunsuzluqların aradan qaldırılması üçün məhkəməyə müraciət ediblər: “Çünki məhkəmədənkənar müraciətlərimiz nəticəsiz qalıb. Xahiş edirik ki, Xanlar küçəsində yerləşən 2 saylı yaşayış binasının həyət hissəsində inşa olunmuş dəmir hasar sökülsün və zəbt olunmuş torpaq sahəsi boşaldılsın”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”




Tarix: 15-07-2020, 07:21
Xəbəri paylaş



Xəbər lenti