"Bütün nəqliyyat vasitələrinin fəaliyyətini bərpa etmək lazımdır"


Son günlərdə metropolitenin fəaliyyətini dayandırması ilə ictimai nəqliyyatın yükü avtobus şəbəkəsinin üzərinə düşüb. Bakı Nəqliyyat Agentliyi sərnişin axınını tənzimləmək üçün xəttə buraxılan avtobusların sayını artırmaqla metronu əvəz edən ekspres marşrutları xəttə buraxıb. Lakin yenə də, müəyyən saatlarda avtobus salonlarında sıxlıqlar müşahidə olunur. Bəs bunun əsas səbəbi nədir?
Məsələ ilə bağlı 7news.az saytına açıqlama verən nəqliyyat üzrə ekspert İlqar Hüseynli bildirib ki, avtobuslar arasında intervalları azaltmaqla və xəttə əlavə avtobuslar buraxmaqla ictimai nəqliyyatdakı yükü bir qədər azaltmaq olar: "Lakin bu da problemi tamamilə aradan qaldırmır. Sıxlıqların yaranmasına səbəb olan ən vacib amillərdən biri metronun bağlanmasıdır. İctimai nəqliyyat sektoru biri digərini tənzimləyən və balanslaşdıran canlı orqanizm kimidir. Burada metro bağlanırsa, digər nəqliyyat növünün sərnişindaşıma üzrə yükü artır".

"Metro açılan zaman burada sıxlıqlar yaranır və yoluxma riski artır. Metro bağlandıqdan sonra isə sərnişinlər avtobuslara yönəlir ki, bu da avtobus şəbəkəsinin yükünü artırır. Fikrimcə, bütün nəqliyyat vasitələrinin fəaliyyətini bərpa etmək lazımdır və metronunun bağlaması yanlış qərar idi. Nəqliyyatın yükü bütün ictimai nəqliyyat arasında proporsional bölünməlidir", -deyə ekspert əlavə edib.
Tarix: 11-07-2020, 19:37
Xəbəri paylaş



Xəbər lenti