Havaya çıxma, dənizdə çimmə, idmana getmə və “ay vətəndaşlar, immunitetinizi gücləndirin”... Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və get diyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən. Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!” Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual. AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik. Siyavuş Novruzovun sözlərini hökmət ciddi qəbul etsə, onda gərək məni bu yazıdan sonra heç olmasa, Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edib, bir az tutduğum yolun cəmiyyətdə çaşqınlıq yaratması barədə mühazirə oxuyandan sonra, birinci dəfə 200 manat cərimə edib yola salsınlar. Necə deyərlər, desəm öldürərlər, deməsəm, ölləm. Amma deyəcəyəm.
Bəri başdan deyim ki, TƏBİB-in böyüyü Ramin Bayramlını tanımıram, onunla bölünəsi heç bir ortaq malım yoxdur və bu dediklərim, yalnız, necə deyərlər, sosial sifarişdir. Mən hesab edirəm ki, Ramin Bayramlı tələbəlik vaxtı “Şən və hazırcavablar klubu”nda (KVN) çıxış edib. Və bu gün də TƏBİB-ə rəhbərlik etməsi prosesində bu bacarığından məharətlə istifadə edir. Yəni insanlarla məzələnir. Axı niyə belə hesab edirəm?! İzah edim.
Hərçənd ki, koronavirus başlayandan bəri onun çıxışlarında, qərarlarında çoxlu sayda absurdlar tapmaq olar, amma mən sonuncu brifinqin misalında dediklərimə əsas olduğunu izah etməyə çalışacam. Hamını demək olar ki, 1 aydır evə qapayan Ramin Bayramlı, xalqın dərdini çərəkərək son brifinqdə xəbərdarlıq etdi ki, bəs, ay cammat, ay vətəndaşlar, payız-qış ayına hazırlıqlı olun.
“Bu mövsümlər respirator infeksiyaların yüksəliş dövrü hesab olunur. Ekspertlər bu aylar üçün koronavirusla bağlı ciddi hazırlıq görməyi tövsiyə edirlər. COVID-19-la kliniki əlamətləri oxşar olan çoxlu respirator virus və atipik pnevmoniya törədən bakterial infeksiyalar var. Payız aylarına doğru COVID-19-la mübarizədə müsbət irəliləyişlərə nail olunmasa, xəstəliyin differensial diaqnostikası çətinləşə bilər və tibb müəssisələrinin üzərinə daha çox yük düşər. Ona görə də hər kəs məsuliyyətli olmalıdır. Tibb müəssisələri də bu sahədə müvafiq tədbirlər görməlidir ki, lazım gəldiyi təqdirdə xəstəliklərin diaqnostikasını aparmaq mümkün olsun”, - Bayramlı bildirdi.
Əla xəbərdarlıqdır. Ay cammat, evdən çıxmadan, bədəninizin immunitetini möhkəmləndirmədən, payız-qış aylarında güclənən respirator xəstəliklərdən qorunun. Qərb regionunun ləhcəsində söylənilən köhnə bir lətifə yadıma düşdü (həmin lətifənin bir az ədəbli, yəni layt verisyasını danışıram):
Bir kişi olur. O zamanlar tualet bağın ta o biri başında, az qala qonşunun çəpərinə söykənili (bəzi yerlərdə hələ də qalır bu adət) olurmuş. Kişi də gecələr vacib olan o yerə tək gedə bilmədiyindən bunu həyətə arvad düşürürmüş. Belə gecələrin birində bunların hini tərəfdən şübhəli səs gəlir. Toyuqlar qaqqıldaşır, it hürür. Ətraf sakitləşəndən sonra kişi olduğu yerdən təxminindəki toyuq oğrusunu asıb-kəsməyə başlayır, nə başlayır. Daha xəyali canlıda var-yox qalmır, yeddi arxa dönənəcən yad edilir: “Səni tutsam, belə edəcəm, elə edəcəm!” Ağaca söykənib kişini gözətləyən yorğun-arğın arvad birdən qayıdır ki, “nəynən, Alış, nəynən?”
Axı, Ramin müəllim bilməmiş deyil ki, COVID-19 üçün heç bir konkret peyvənd yoxdur, buna görə yalnız immunitetinizə və əsas profilaktik tədbirlərə - əl yuma, özünü təcrid və sosial məsafəyə etibar edə bilərsiniz. Bu immuniteti gücləndirməyə isə, sanki Operativ Qərargah öz qərarları qəsdən imkan vermir.
Xatırladaq ki, izolyasiya zamanı insanlar təmiz havadan və aktiv yay tətilindən məhrum olur, çimərliklər bağlanır və güclü immunitet üçün lazım olan D vitamini çatışmazlığı Ramin müəllimin bizi qorxutduğu payızda özünü göstərəcək. Axı, adətən bizi qış aylarında respirator xəstəliklərdən qoruyan D vitamini dərimiz günəş işığına məruz qaldıqda istehsal olunur. Hər yay biz onu kifayət miqdarda alırdıq: təmiz havada gəzir, dənizdə çimir və s.
İzolyasiya orqanizmdə D3 vitamini, sink birləşmələri və omeqa-3-lərin azalması ilə təhlükəlidir. İmmunitetin formalaşmasına təsir edən budur. Epidemiyanın ikinci dalğası barədə apokalipsisin gəlişi kimi danışaraq, bizi qorxutmaq əvəzinə, bu çatışmazlığın necə aradan qaldırılması barədə düşünsəniz, yaxşı olardı.
Məsələn, bir çox həkimlərin və deputatların təklif etdiyi kimi, Bakıdan insanları test edib, kimin rayona getmək imkanı varsa, getməsinə imkan verərdiniz. Bununla da Bakı boşalardı. Dəfələrlə yazmışıq ki, rayonlarda sosial məsafəni qorumaq daha asandır. Şəhəri boşaltmaq lazımdır, ay başbilənlər. Verdiyiniz iki saatla nə gəzmək olur, nə marketə getmək! Mən hələ qabağında növbələr olan bank və poçtları demirəm. Havaya çıxma, dənizdə çimmə, idmana getmə, verilən 190 manata həm yemək al, həm kommunal xərcləri ödə, həm də dərman al, amma, “ay vətəndaşlar, immunitetinizi gücləndirin”...?
İndi, ay Ramin müəllim, sən və sənin Qərargah yoldaşların hamını evə qapamaq qərarına gələndən sonra, bizə ağıllı-ağıllı məsləhət verəndə ki, payıza-qışa hazırlaşın, səncə, biz – Alış kişi bunu nəynən edək? Məzələnirsən camaatla?
Gərək, Bəhram Bağırzadə Allahın izni ilə sağalsın, bir ondan xahiş edək, sənin yumor hissinə qiymət versin. Əgər KVN-çiliyin də həkimliyin kimi olubsa, onda vay bu millətin halına!
Müəllif:
Yoldaş Mircəfər
Tarix: 6-07-2020, 09:53