“Ümidlərimizin üstündən qara xətt çəkirlər...”


“Ümidlərimizin üstündən qara xətt çəkirlər...”
Rövşən Ağayev: “Çox ümidli idim ki, epidemiya bizim davranışlarımızda dərin dəyişikliklər yaradacaq”
 
“Deyək ki, epidemiya qəfil gəldi, onu heç kim proqnozlaşdırmırdı, buna uyğun hansısa işlər də görmürdü. Su problemi qəfil çıxmayıb, axı, qarşımıza. Neçə illərdir, dünyada su qıtlığının, quraqlığın yaranacağı barədə qlobal miqyasda araşdırmalar, xəbərdarlıqlar yayılır. Hətta, Azərbaycanın adı da problemlə üzləşəcək ölkələr sırasında olub”.
 
AYNA xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Rövşən Ağayev səsləndirib. Bildirib ki, ən azından son 10 ildə Azərbaycanda bu təhdidə qarşı strateji baxışı ortaya qoyan bir sənəd hazırlanmalı idi.
 
“Sənəddə problemin özünü necə göstərə biləcəyi, bizə hansı risklər və fəsadlar yaradacağı, onları önləmək üçün qısa, orta və uzun müddət hansı mümkün addımların atıla biləcəyi, bu işlər üçün nə qədər investisiya, hansı sahədə peşəkar mütəxəssislər lazım olacağı barədə təfsilatlı hesablamalar, tədbirlər əks olunmalı idi. Gərək vardısa, bu problemlə məşğul olan peşəkarlardan ibarət ixtisaslaşmış bir araşdırma komissiyası qurulaydı”, - o vurğulayıb.
 
“Bu ölkədə ən asan iş, bilirsiniz nə olub? Uzağa baxmadan, ələ keçən böyük neft pulları barədə sərəncam vermək, cari həyatımıza bəzək vuran layihələr icra etmək. Çox ümidli idim ki, üzləşdiyimiz epidemiya bizim davranışlarımızda dərin dəyişikliklər yaradacaq. Amma verilən qərarlar, cəmiyyətlə dəyişməyən ünsiyyət forması və dili, ən vacib islahatlarla bağlı hələlik ən yüksək səviyyədən mesajların olmaması ümidlərin üstündən qalın bir qara xətt çəkir”, - Ağayev əlavə edib.
Tarix: 2-07-2020, 21:57
Xəbəri paylaş



Xəbər lenti