“Pulsuz çarter reysləri təşkil etmirlərsə, heç olmasa, geri qayıtmaq istəyənlərə endirimli qiymət təklif etsinlər” Bakı-İstanbul-Bakı aviareysinə biletlərin qiymətinin baha olmasına Azərbaycan vətəndaşları etiraz edirlər. Sosial şəbəkələrin Azərbaycan seqmentində gedən müzakirələrdə bildirilir ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) biletlərə birtərəfli gediş üçün 375 manat müəyyənləşdirib ki, bu da pandemiya dövründə çətin durumda olan insanların büdcəsinə uyğun deyil.
Vətəndaşlar qeyd edirlər ki, Türkiyədən koronavirus səbəbindən ölkəyə qayıda bilməyənlərin əksəriyyəti tələbələrdir ki, onların bu qədər məbləği ödəyib ölkəyə qayıtmaq imkanları yoxdur. Övladları Türkiyədə oxuyan, pandemiyaya görə orada qalan şəxslərin hamısı AZAL-dan ölkəyə gəlmək istəyənlərin bu reyslər vasitəsilə pulsuz təxliyəsini, bu mümkün deyilsə də, bilet qiymətlərini minumuma endirməsini istəyirlər.
AZAL: “Bəzi hallarda, biznes sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilir” AZAL isə bildirir ki, əvvəl xəbər verildiyi kimi, 26 iyun tarixində Bakı-İstanbul-Bakı reysinə biletlərin satışına başlanılıb. “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətinindən AYNA-ya verilən məlumata görə, sosial şəbəkələrdə və bəzi saytlarda biletlərin baha qiyməti əks olunan şəkillər yayılıb.
“Rəsmi olaraq bildiririk ki, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletinin qiyməti 374 manat təşkil edir. Bundan əlavə xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün Bakı-İstanbul və İstanbul-Bakı reyslərində AZAL aviabiletlərə 30 faiz endirim təqdim edir”, - deyə qurumdan qeyd edilib.
AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir: “Bəzi hallarda, biznes sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilir. Bunları nəzərə alaraq, aviaşirkət təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır”.
Natiq Cəfərli: “Hələ ki, gec deyil, qərar vermək olar” İqtisadçı-ekspert Natiq Cəfərli isə vətəndaşlarla həmrəy olaraq hesab edir ki, biletin qiyməti bahadır. O, AYNA-ya deyib ki, bu gün Türkiyə ərazisində minlərlə Azərbaycan vətəndaşı qalıb: “Həmin insanlar ölkəmizə qayırmaq istəyirlər, yolların bağlı olması səbəbindən aprel ayından bu yana gələ bilmirlər”.
“Dünya ölkələrinin praktikası göstərir ki, dövlətlər xaricdə qalan vətəndaşlarını pulsuz, çarter reysləri təşkil edərək Vətənə qaytarır. Məsələn, Tükiyə xaricdəki 218 min vətəndaşının əksəriyyətini pulsuz təxliyə etdi. Rusiyada da dövlət tərəfindən belə bir proqram qəbul olundu, 190 minə yaxın vətəndaşını ölkəyə qaytardı. Azərbaycanın da xaricdə vətəndaşları var ki, hökumət növbə ilə təxliyə etdiklərini açıqlayır. Bu gün Türkiyədə işləyən, oxuyan Azərbaycan vətəndaşları var. Onlar ölkəyə qayıtmaq istəyirlərsə, AZAL bunu mütləq nəzərə almalıdır”, - ekspert bildirib.
Cəfərli hesab edir ki, pulsuz çarter reysləri təşkil etmirlərsə, heç olmasa, geri qayıtmaq istəyənlərə xüsusi bilet qiyməti təyin edilməlidir: “Anlaşılandır ki, AZAL-ın çox ciddi ziyanları var, pandemiya şirkətin gəlirlərinə zərbə vurub. Demək olar ki, bu il ərzində AZAL-ın iqtisadi dövriyyəsi 98 faiz aşağı düşüb. Amma bu, ona əsas vermir ki, ziyanları qarşılamaq üçün yeganə reys olan Bakı-İstanbul-Bakı reysinə biletlərin qiymətini baha etsinlər. Bu, çətin dövrdə vətəndaşın cibinə girməkdir. Belə addım doğru menecmentlik də deyil, doğru yanaşma da deyil”.
İqtisadçının qənaətincə, AZAL-ın belə davranışı Azərbaycan vətəndaşlarına qarşı pis münasibətin göstəricisidir: “İnsanlar biletlərin qiymətinin bu qədər baha olmasına haqlı narazılıq edirlər. Hesab edirəm ki, Azərbaycan vətəndaşları üçün normal, ucuz qiymət tarifləri müəyyənləşməli idi. Başqa ölkə vətəndaşları bu reyslərdən istifadə etmək istəyirlərsə, onlara bileti bir qədər baha sata bilərdilər. Pandemiya səbəbindən ölkəyə dönmək istəyən Azərbaycan vətəndaşlarına güzəştli qiymət tarifi tətbiq edilməlidir. Hələ ki, gec deyil, qərar vermək olar”.
Müəllif:
Anar Bayramoğlu
Tarix: 30-06-2020, 15:43