Kürdəmir rayon sakini Pakizə Məmmədova məhkəmə qərarı olduğu halda "Azəriqaz” ASC-nin kommunal borcunu silməməsindən şikayətçidir.
Bu barədə Toplum tv-yə onun hüquqlarını müdafiə edən "Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi” İB-nin sədri Lətafət Məlikova məlumat verib.
Lətafət Məlikova deyir ki, şikayətçi hər ay borcunu ödədiyi halda ona 2010-cu ilin noyabrından başlayaraq 2019-cu ilin yanvarına kimi 976,09 manat qaz borcunun olduğu bildirilib. "Bu hal yalnız onun başına gəlməyib. Sadəcə bir yaxşı tərəfi var ki, Pakizə xanım borc ödədiyi bütün qəbzləri saxlayıb”, – təşkilat sədri əlavə edib.
Faktla bağlı keçən il Kürdəmir Rayon Məhkəməsinə müraciət edilib. İyulun 11-də verilən qərara əsasən istifadəçinin 194 manat borcu silinməli olduğu halda "Azəriqaz” İstehsalat Birliyi borcu silməyib.
Lətafət Məlikova deyir ki, Pakizə Məmmədovanın həyat yoldaşı işləmir, xərçəngdən əziyyət çəkən oğlu isə bu yaxınlarda vəfat edib: "Bu xanım 3 nəvəyə baxmalıdır. Uşaqlardan biri isə birinci qrup əlildir. İndi bu xanım yetimlərin dərdini çəksin, yoxsa qaz idarəsi işçilərinin cibini doldursun?”
Kürdəmir Rayon Məhkəməsinin qərarı təmin edilmədiyindən şikayətçi keçən ilin dekabrında borcunun tamamilə silinməsi tələbi ilə Şirvan Rayon Apelyasiya Məhkəməsinə müraciət edib.
Məhkəmədə cavabdeh tərəf kimi iştirak edən "Azəriqaz” İB-in nümayəndəsi Rahil Xəlilov isə apelyasiya şikayətində dəlillərin əsassız olduğunu bildirib.
O, Kürdəmir Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edib.
Məhkəmə kollegiyası şikayətçinin iddiasını qismən təmin edib. Verilən qərara əsasən, Kürdəmir Rayon Məhkəməsinin qərarı qüvvədə qalıb, eyni zamanda əlavə olaraq debitorun 470,29 manat borcunun silinməli olduğu bildirilib.
Şikayətçi borcunun silinməsilə ilə bağlı "Azəriqaz” İB Ağsu Regional Qaz İstismar İdarəsinə yönləndirilib.
Qurumun cavabı isə belə olub: "Bizə məhkəmə qərarı daxil olmayıb”.
Məhkəmə qərarlarına baxmayaraq Pakizə Məmmədovanın borcu hələ də silinməyib.
Lətafət Məlikova Ali Məhkəməyə müraciət etmək istəklərinin olduğunu bildirib.
Tarix: 27-06-2020, 07:06